Qusarın ən böyük yaşayış məntəqələrindən olan Hil kəndinin elektrik şəbəkəsi tamamilə yenidən qurulacaq.
Rayon icra hakimiyyətindən hafta.az-a verilən məlumata görə, kəndin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə Hildə 24 ədəd yeni transformator yarımstansiyası quraşdırılacaq.
Kəndi elektrik enerjisi ilə təmin edən 10 kv-luq və kənddaxili 0.4 kv-luq elektrik şəbəkəsi müasir tələblərə uyğun şəkildə yenidən qurulacaq, istismar müddətini başa vuran açıq tipli naqillər istifadədən çıxarılaraq izolyasiyalı naqillərlə əvəzlənəcək.
Yenidənqurma işləri ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, “Azərişıq” ASC-nin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də kənddə elektrik şəbəkəsinin yenidən qurulması layihəsini icra edən podratçı təşkilatın nümayəndələrinin kənd sakinləri ilə görüşüblər.
Görüş zamanı həyata keçiriləcək işlər barədə ətraflı məlumat verilib. Bildiirlib ki, yenidənqurma işləri kəndin elektrik enerjisi ilə təminatının keyfiyyətinin yüksəldilməsi, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi daşıyır.