AZ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı kütləvi məhkəmə şikayətləri

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar məhkəmələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı çoxsaylı təzminat iddiaları qaldırılır. İddiaçılar isə sağlamlığında ciddi problemlər olduğu halda, hərbi xidmətə aparılan və nəticədə vəziyyəti daha da pisləşən gənclərin valideynləridir.

Bizimyol.info xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı, Bərdə və başqa çoxsaylı rayon şöbələrinə qarşı qaldırılan təzminat iddialarını məhkəmələr tam şəkildə olmasa da, qismən təmin edir. Yəni ailələrə onların tələb etdiyi qədər olmasa da, müəyyən məbləğdə kompensasiya ödənilməsi barədə qərarlar çıxarılır. Səbəbkar isə hərbi xidmətə aparılan gənclərin sağlamlığı ilə bağlı rəy verən tibbi komissiyadır. Araşdırma zamanı məlum olur ki, tibbi komissiya açıq-aşkar ürək, ağciyər və s. kimi ciddi xəstəliklərdən əziyyət çəkən, ciddi görmə problemləri, baş-beyin travması olan və s. şəxslərin sağlam olması barədə rəy verir. Nəticədə həmin şəxslər hərbi xidmətə aparılır. Hərbi xidmət dövründə isə onların səhhətindəki problemlər dərinləşir, vəziyyəti ağırlaşır və bir neçə ay sonra həmin şəxslər “hərbi xidmətə yararsız” hesab edilərək, evlərinə göndərilirlər.

Hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni 2024-cü ilin iyulundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinə qarşı şikayətdən görünür ki, 2003-cü il təvəllüdlü gəncin hər iki gözündə problem olduğu halda, komissiya onun haqqında müsbət rəy verib. Uşaqlıqdan uzağı yaxşı görə bilmıdiyinə görə daim müalicə olunub. Bunu təsdiqləyən tibbi sənədlər də var. Lakin bütün bunlara əhəmiyyət verilməyib. Məhkəməyə şikayətdə də qeyd olunub ki, bu vəziyyətdə aylarla hərbi xidmətdə saxlanması ona həm maddi, həm də mənəvi zərər vurub. Bu səbəbdən maddi zərərə görə 8000, mənəvi zərərə görə 5000 manat olmaqla, 13000 manat təzminat tələbi ilə iddia qaldırıb.

Məhkəmə onun şikayətini qismən təmin edərək, maddi zərərə görə 2500 manat, mənəvi zərərə görə isə 1500 manat kompensasiyanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona ödənilməsi barədə qərar çıxarıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin edərək, kompensasiya qərarını ləğv edib.

Bu dəfə də şikayətçi qərardan narazı qalaraq, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə də apellyasiya instansiyasının qərarını ləğv edib. Ali Məhkəmə hesab edib ki, apellyasiya məhkəməsi sübutlara düzgün qiymət verməyib. Şikayətçinin əlində əvvəldən onun göz xəstəliyindən əziyyət çəkməsi barədə sənədlər olduğu halda, hərbi xidmətə aparıldığını təsdiqləyən sübutlar var. Lakin apellyasiya məhkəməsi fərqli nəticəyə gəlib.

Bu səbəbdən də Ali Məhkəmə qərarı ləğv edərək, kompensasiya tələbi ilə bağlı işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr