Rusiya Müdafiə Nazirliyi Ukraynaya dron tədarük edən Avropa şirkətləri ilə bağlı məlumat yaydıqdan sonra Moskvanın ritorikası daha da sərtləşib.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın bu il Ukraynaya 120 min dron göndərmə planı Kremlin kəskin reaksiyasına səbəb olub.
Rusiya tərəfi Avropanın tədricən Ukraynanın “strateji arxa cəbhəsinə” çevrildiyini iddia edərək, bu addımların qəsdən atıldığını bildirib. Nazirliyin yaydığı məlumatda Avropadakı bəzi istehsal və tədarük zəncirləri barədə detallara da yer verildiyi qeyd olunur.
Bunun fonunda Kremlin Təhlükəsizlik Şurasının sədr müavini kimi çıxış edən Dmitri Medvedev daha sərt açıqlama ilə gündəmə gəlib. O, Ukraynaya dron və digər hərbi avadanlıq verən Avropa şirkətlərinin siyahısının Rusiya üçün potensial hədəflər kimi qiymətləndirilə biləcəyini bildirib.
Musavat.com
