Bu barədə iki ölkə prezidentləri arasında hələ 2025-ci il oktyabr ayının 9-da Düşənbə şəhərində baş tutan görüş zamanı anlaşma əldə olunsa da məsələ indiyə kimi öz həllini tapmamışdı. Artıq kompensasiyanın ödənişi və digər məsələlərin icrası yaxın vaxtlarda tam təmin ediləcək.

Bu barədə Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin birgə bəyanatında da məlumat verilir. Azərbaycan nəhayət ki, beynəlxalq hüquqa və insani dəyərlərə əsaslanan tələblərinin icrasına səbr və qətiyyətlə nail oldu. Xatırladaq ki, Rusiya səmasında vurulan Azərbaycan təyyarəsi ilə bağlı ölkəmizin tələbləri sadə, amma prinsipial idi: qəzanın səbəbləri obyektiv şəkildə araşdırılsın, bu barədə iki ölkə ictimaiyyəti məlumatlandırılsın, təqsirkarların məsuliyyəti birmənalı olaraq müəyyənləşdirilsin və ən nəhayət əsas şərtlərdən biri - zərərçəkənlərə ədalətli kompensasiyaların ödənilməsi tam təmin edilsin! Qəza nəticəsində maddi zərər çəkmiş, doğmalarını itirmiş şəxslərin taleyi daim Azərbaycan prezidentinin diqqət mərkəzində olub, tələb edilən kompensasiya yalnız hüquqi deyil, eyni zamanda da dərin mənəvi anlam daşıyaraq, insan və ədalət prinsiplərini önə çıxarırdı.

Odur ki, rəsmi Bakı qəzanın ilk günlərindəncə irəli sürdüyü bu tələblərin nöqtə və vergülünə belə dəyişiklik etmədən sona qədər öz mövqeyində möhkəm iradə və prinsipiallıq nümayiş etdirdi. Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nəzarəti altında olan bu məsələ ölkəmizin yeri gələndə öz milli maraqlarını uğurla diqtə etmə bacarığını, səbr və strateji yanaşma qabiliyyətini, eləcə də vətəndaşının daim yanında olduğunu bir daha təsdiqləmiş oldu. Ümumi götürdükdə isə Azərbaycanla Rusiya arasında əldə olunan bu razılaşma iki ölkə arasında mövcud olan qarşılıqlı hörmət və konstruktiv dialoqun bariz nümunəsi kimi də dəyərləndirilə bilər.

Eləcə də iki ölkə xarici işlər naziriliyi tərəfindən verilən birgə bəyanat da göstərir ki, ən həssas və mürəkkəb məsələlər belə siyasi iradə, qarşılıqlı hörmət və insani anlayış sayəsində öz həllini tapa bilər. Vurulan təyyarə Azərbaycana məxsus olsa da faciə hər iki xalq üçün ağır itki, mənəvi sarsıntı, iki ölkə arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinə də ciddi zərbə idi. Uzun müddətdən bəri Rusiyada bəzi siyasi mərkəzlər, millətçi dairələr bu həqiqəti qəbul etmək istəmir, hətta münasibətləri bir qədər də kəskinləşdirməyə çalışırdılar. Bundan isə təkcə dövlətlərarası deyil, iki xalq arasındakı səmimi, insani münasibətlər də zərər görürdü. Ona görə də məsələnin rəsmi Moskvanın Azərbaycanın tələblərinə uyğun şəkildə ədalətli və şəffaf həllinə yönəlmiş bu cür konstruktiv yanaşması, iki ölkə arasında münasibətlərin yenidən əvvəlki pozitiv məcraya qayıdaraq inkişaf etməsində də xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu prosesdə hər iki tərəf humanizm, məsuliyyət və beynəlxalq hüquqa hörmət prinsiplərini əsas götürüb. Əldə olunan razılaşma bir daha sübut edir ki, dövlətlərarası münasibətlərdə etimad, açıq dialoq və qarşılıqlı hörmət əsas rol oynayır. Belə yanaşma regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm addım kimi də iki ölkə münasibətləri tarixinə düşəcək. Bu hadisə həm də göstərir ki, çətin məqamlar belə tərəflər arasında körpü rolunu oynaya, gələcək əməkdaşlıq üçün daha sağlam və etibarlı zəmin yarada bilər.

QAFQAZ CƏNUBLU