Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Prezident İLHAM ƏLİYEV : “Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır”
Müasir beynəlxalq münasibətlər sistemində gərginliklərin artdığı, yeni münaqişə ocaqlarının yarandığı bir dövrdə Azərbaycan mövqeyini ifadə edir, həm də qlobal siyasi diskussiyalara töhfə verir. Prezident İlham Əliyev çıxışlarinin birində bildirdiyi kimi, təhlükəsizlik və sabitlik dövlətlərin inkişafı üçün əsas şərtdir: “Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır”. Bu fikir əslində müasir beynəlxalq sistemin əsas dilemmasını göstərir: sabitlik olmadan inkişaf mümkün deyil. Hazırda dünyada yeni münaqişələrin baş qaldırması, beynəlxalq hüququn selektiv tətbiqi və geosiyasi rəqabətin güclənməsi fonunda Azərbaycan öz təcrübəsini beynəlxalq müzakirə predmetinə çevirir. Ölkəmiz beynəlxalq tədbirlərin təşkili ücün ən əlverişli məkandir. Beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilən güclü və qüdrətli Azərbaycan müasir dünyamızı narahat edən məsələlərin müzakirə olunmasında unikal məkandır. Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisi olaraq mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların və s. təşkili ölkəmizə həvalə olunur. Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.
2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.
Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz inkişaf strategiyalarında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.
ŞƏHƏR DAYANIQLIĞI VƏ İNNOVASİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ
2023-cü il dekabrın 22-də "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" imzalanmışdır. 2024-cü ilin martında bu saziş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. 5 iyun 2025-ci ildə forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdır. 2025-ci ildə imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da Çin Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı olaraq dəstəyini ifadə etmişdir.
7 oktyabr 2025-ci ildə imzalanmış, Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Bəyannaməsində Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsinin vacibliyi qəbul edilmiş, şəhər dayanıqlığı və innovasiya sahəsində əməkdaşlığı gücləndirmək üçün Ümumdünya Şəhərsalma Forumu zamanı Davamlı Şəhərlərin TDT Forumunun yaradılması haqqında Bəyannamənin imzalanması təşviq edilmişdir.
13-cü Ümumdünya Şəhər Forumu Azərbaycanın davamlı şəhər inkişafı, iqlimə davamlılıq və inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək üçün böyük imkan yaradır. Bu Forumun Bakıda keçirilməsi bu mühüm yubileylərin həm beynəlxalq səviyyədə qeyd olunması, həm də Azərbaycanın şəhərsalma sahəsindəki öncül rolunun dünyaya təqdim edilməsi baxımından əlamətdardır. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün isə WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.
Bakı WUF13-ə doğru gedən yolda real nəticələrlə öndədir: yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər yanaşmaları, COP29 çərçivəsində şəhərsalma üzrə yüksəksəviyyəli görüşlərin təşkili, eləcə də beynəlxalq ekspertlər qruplarında fəal iştirak Azərbaycanın bu sahədə strateji baxışını ortaya qoyur. WUF13 təkcə şəhərsalma mütəxəssisləri üçün deyil, həmçinin iqlim, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan bütün qlobal oyunçular üçün gələcəyin şəhərlərinin necə qurulacağına dair yol xəritəsini təqdim edəcək.
"HƏR KƏS ÜÇÜN YAŞAYIŞ YERLƏRİ: TƏHLÜKƏSİZ, DAYANIQLI ŞƏHƏRLƏR VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ"
XIII Ümumdünya Şəhərsalma Forumu 2026-cı ilin 17–22 may tarixlərində, Azərbaycanın paytaxt Bakı şəhərində keçiriləcək. Tədbirin keçiriləcəyi məkan Bakı Olimpiya Stadionudur. Forumun mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. Dövlət rəsmiləri, beynəlxalq təşkilatların üzvləri və memarlıq və şəhərsalma üzrə ekspertlər bu forumda iştirak edəcəklər. Forum çərçivəsində "Urban Expo" sərgisi keçiriləcək. İlk dəfə olaraq, Ümumdünya Şəhərsalma Forumu Liderlər Sammiti formatında keçiriləcək. 2026-cı ilin martında təsdiqlənmişdir ki, Şavkat Mirziyoyev Liderlər Sammitində iştirak edəcək. Forum Bakıda təşkil edilsə də, Azərbaycan Böyük Qayıdış çərçivəsində gördüyü işləri forum iştirakçıları ilə bölüşmək istədiyi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına forum iştirakçılarının səfərləri təşkil ediləcək.
2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. "Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir", - deyə Prezident bildirib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünügöstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. "Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu", - bildirən dövlət başçımız qeyd edib ki, bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur.
Ümumdünya Şəhərsalma Forumu yalnız coğrafi mövqe baxımından deyil, həm də urbanizasiya sahəsində qlobal transformasiyanın mərkəzi kimi strateji əhəmiyyət daşıyır. Forum dünyanın aparıcı şəhərsalma mütəxəssislərinin, siyasətçilərin, ekspertlərin bir araya gələcəyi universal platformaya çevriləcək və gələcək nəsillər üçün innovativ şəhər modellərinin müzakirə olunacağı mühüm dialoq məkanı rolunu oynayacaq. Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq.
Forumun Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma və ərazi bərpası istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhər konsepsiyaları, xüsusilə də azad edilmiş ərazilərdə sıfırdan inşa olunan ağıllı və ekoloji məntəqələr Azərbaycanın bu sahədə regional lider kimi çıxış etdiyini göstərir.
Azərbaycanda şəhərsalmanın əsasını təşkil edən prinsiplər – əhalinin sosial rifahı, ekoloji tarazlıq və texnoloji yeniliklərin tətbiqi paytaxtın inkişafına yön verilən strateji xəttin mahiyyətini formalaşdırır. Bu baxımdan Bakı yalnız milli səviyyədə deyil, eyni zamanda, beynəlxalq miqyasda da müasir urbanizasiya modelinin öncül simvoluna çevrilir. Bu Forum gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq.
Nəzakət ƏLƏDDİNQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.