AZ

Səhiyyədə yeni mərhələ: TƏBİB və peşəkar idarəetmənin güclənməsi

Bakı, 16 aprel, AZƏRTAC

TƏBİB-dəki (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) kadr dəyişikliyi bütövlükdə Azərbaycan səhiyyə sistemində keyfiyyət, effektivlik və vətəndaş məmnunluğuna yönəlmiş yeni bir inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Kəramət Qənbərov söyləyib.

TƏBİB - xalqın sağlamlığının keşiyində dayanan strateji institut

O bildirib ki, TƏBİB ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət səhiyyə müəssisələrinin idarə olunmasını həyata keçirən əsas qurumdur. Onun fəaliyyətinin mahiyyətində yalnız inzibati idarəetmə deyil, həm də insan həyatının qorunması, sağlamlığın təmin olunması və sosial rifahın yüksəldilməsi kimi ali dəyərlər dayanır. TƏBİB-in hüquqi statusu və funksiyaları dövlət səviyyəsində yüksək məsuliyyətlə müəyyən edilib. Qurum tibb müəssisələrinin fəaliyyətinə nəzarət edir, tibbi xidmətlərin keyfiyyətini yüksəldir, əlçatanlığı və sistem daxilində koordinasiyanı təşkil edir. Bu isə o deməkdir ki, TƏBİB, sadəcə, idarəedici struktur deyil, ölkənin səhiyyə təhlükəsizliyinin əsas sütunlarından biridir. Bu qurumun fəaliyyəti nəticəsində vətəndaşlar üçün tibbi xidmətlər daha əlçatan olur, xidmətlərin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır, tibbi müəssisələr arasında koordinasiya gücləndirilir, səhiyyə sistemində vahid və effektiv idarəetmə modeli formalaşır.

TƏBİB-in gördüyü işləri təkcə statistik göstəricilərlə ölçmək mümkün deyil. Bu qurum minlərlə insanın həyatına toxunan, onların sağlamlığını qoruyan, ümid və güvən yaradan bir sistemin mərkəzində dayanır. Hər bir təcili tibbi yardım çağırışı, hər bir uğurlu əməliyyat, hər bir sağalan xəstə bu sistemin effektivliyinin canlı sübutudur.

Azərbaycanda 2020-ci ildən etibarən tətbiq edilən icbari tibbi sığorta sistemi çərçivəsində vətəndaşlara geniş xidmət spektri təqdim olunur. Təcili və təxirəsalınmaz tibbi yardım, ambulator və stasionar müalicə, laborator və diaqnostik xidmətlər, cərrahi əməliyyatlar, ana və uşaq sağlamlığı xidmətləri və s. Bu xidmətlərin sistemli və effektiv təşkili bir daha sübut edir ki, TƏBİB yalnız texniki idarəetmə funksiyası daşımır, o, sosial dövlət prinsiplərinin həyata keçirilməsində aparıcı rol oynayır.

Peşəkarlıq, idarəçilik və strateji baxışın sintezi

“TƏBİB-in keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacağını ümid etmək olar. Eyni zamanda, rəqəmsallaşma və innovativ idarəetmə mexanizmlərinin geniş tətbiqi səhiyyə xidmətlərinin çevikliyini və əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Regionlar üzrə tibbi xidmətlərdə balansın təmin olunması, paytaxtla bölgələr arasında keyfiyyət fərqinin minimuma endirilməsi istiqamətində ardıcıl addımlar atılacaq. Bununla yanaşı, səhiyyə və sosial müdafiə sistemləri arasında institusional inteqrasiya daha da möhkəmləndirilərək, vətəndaşlara göstərilən xidmətlərin vahid və koordinasiyalı şəkildə təşkili təmin ediləcək. Bütün bu proseslər nəticə etibarilə daha effektiv, müasir və insan amilini prioritet hesab edən səhiyyə modelinin formalaşmasına xidmət edəcək”, - deyə K.Qənbərov vurğulayıb.

Seçilən
3
azertag.az

1Mənbələr