AZ

Azərbaycanda “İmmunlaşdırma həftəsi” başlayır

Bakı. TurkicWorld:

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək.

TurkicWorld xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

"İmmunlaşdırma Həftəsi" zamanı bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.

Seçilən
10
44
turkic.world

10Mənbələr