AZ

BƏƏ XİN: Regional gərginliyin azaldılması və beynəlxalq hüquqa riayət vacibdir

Bakı, 16 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi regionda artan gərginlik və onun beynəlxalq sabitliyə təsiri ilə bağlı mövqeyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd olunub.

Ölkə öz ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edir və özünümüdafiə hüququnu təsdiqləyir. Nazirlik bəyan edir ki, regionda təhlükəsizliyin təmin olunması və sabitliyin qorunması üçün bütün tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməli, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməlidirlər.

Sənəddə vurğulanır ki, Hörmüz boğazı qlobal enerji təchizatı və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyətə malikdir. Bu marşrutun təhlükəsiz və fasiləsiz fəaliyyəti isə beynəlxalq iqtisadiyyat üçün vacibdir.

İqtisadi göstəricilərə toxunan BƏƏ XİN qeyd edib ki, ölkənin qeyri-neft sektoru ÜDM-in 75 faizini təşkil edir. Suveren sərvət fondlarının ümumi aktivləri təxminən 2,49 trilyon ABŞ dollarına bərabərdir. Eyni zamanda, maliyyə sabitliyinin qorunması məqsədilə müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Sonda vurğulanıb ki, mövcud vəziyyət regionda sabitlik üçün ciddi çağırışlar yaradır və davamlı sülhə nail olmaq üçün siyasi dialoq, qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq əsas şərt kimi qiymətləndirilir.

Seçilən
1
azertag.az

1Mənbələr