AZ

İslamabadda ABŞ və İran arasında növbəti dialoqa hazırlıq görülür

Pakistan hakimiyyəti İran və ABŞ arasında danışıqların ikinci raundunun keçirilməsi üçün hazırlığa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “The Express Tribune” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, artıq növbəti dialoqa hazırlıqlar başlayıb, xüsusilə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər aparılır.

Xəbərdə qeyd edilir ki, Pakistan paytaxtı İslamabaddakı “Serena” hoteli yenidən danışıqlarda iştirak edəcək xarici qonaqları qəbul edəcək.

“İki ölkənin nümayəndə heyətlərinin yeni görüşünün bu həftənin sonunda və ya gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Tərəflərin danışıqlardan əvvəl məsləhətləşmələr aparması istisna edilmir”, – deyə nəşri məlumatlandıran mənbələr diqqətə çatdırıblar.

Xəbərdə o da bildirilir ki, Pakistanın müdafiə qüvvələrinin baş komandanı Asim Münir və daxili işlər naziri Möhsin Nəqvi Vaşinqton və Tehran arasındakı münaqişənin həllində vasitəçiliyi davam etdirmək üçün İrandadırlar.

İranın dövlət teleradio şirkətinin yaydığı informasiyaya görə, Münir ABŞ-nin şərtlərini qarşı tərəfə çatdırmalı və ikinci raund üçün danışıqlara hazırlıq aparmalıdır.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra Pakistanda tərəflərin görüşünün ilk raundu baş tutub, lakin uğurlu nəticə əldə olunmayıb.

Seçilən
23
2
editor.az

3Mənbələr