AZ

“Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müsəlman ölkəsi olsalar da nə Əfqanıstan, nə də İran İslam dövləti deyil. Əfqanıstanda əhalinin 10 - 20%-i şiədir. Taliban qanunlarına görə şiə yaxud qeyri - Hənəfi məzhəbindən olan müsəlman vətəndaş dövlət rəhbəri ola bilməz. Ona görə də Əfqanıstan hazırda İslam Əmirliyi deyil, Hənəfi - sünni Əmirliyidir əslində. İranda 10-15% sünni var. Eyni zamanda İran konstitusiyasına görə nə prezident, nə ali dini lider, nə də ali dini lideri seçən ekspertlər şurasının üzvləri qeyri - şiə, daha doğrusu Cəfəri məzhəbindən başqa məzhəbə əqidə bəsləyən müsəlman, məsələn sünni ola bilməz. Hətta İsmaili, Zeydi, Nuseyri ənənəvi şiə məzhəblərinə etiqad edən şiələr də bu postlara seçilə bilməzlər”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

O, bildirib ki, 1979-cu ildən bu yana heç vitse-prezident postuna da sünni müsəlman gələ bilməzdi:

“Yalnız Məsud Pezeşkiyan rejim tarixində ilk nümunə göstərib sünni Əbdülkərim Hüseynzadəni müavin təyin edib. Bu baxımdan İran de-yure, de-fakto İslam Respublikası yox, İran Cəfəri - şiə Respublikasıdır. Sadəcə dünyanı aldadıb adını İslam qoyublar. Təbii ki, Cəfəri məzhəbi də 2-ci Şah İsmayılın, Nadir şahın təqdim etdiyi əsl formasında deyil, təhrif olunmuş və siyasiləşdirilmiş formada təqdim olunur. Eynilə Əfqanıstanda Taliban da Hənəfi məzhəbini təhrif edib, sərtləşdirib, məzhəbin reformist özəlliyini sələfisayaq radikallıqla əvəzləyib.Pakistan isə əsl İslam Respublikası adını və özəlliyini tam özündə ehtiva edir. Əhalinin böyük çoxluğu sünni - Hənəfi, 10-15 %-i şiədir. 7 İmamlı İsmaili məzhəbi mənsubları şiələr arasında çoxluq təşkil edir. Lakin Pakistan qanunlarına görə şiə prezidentin seçilməsinə heç bir əngəl yoxdur və indiyədək ölkənin aşağıdakı prezidentləri şiə məzhəbindən olub.

1.İskəndər Mirzə (1956–1958): Pakistanın ilk prezidenti. O, şiə müsəlman ailəsindən gəlirdi və onun ailəsi Bengalın şiə zadəgan ailələrindən biri hesab olunurdu.

2.Yəhya Xan (1969–1971): Pakistanın 3-cü prezidenti. Tarixi mənbələrdə onun nominal olaraq şiə olduğu, lakin dini rituallara qarşı liberal yanaşdığı bildirilir.

3.Zülfüqar Əli Bhutto (1971–1973): Prezident (və daha sonra Baş nazir) olan Bhuttonun ailə kökləri ilə bağlı müxtəlif fikirlər olsa da, bir çox mənbə onun şiə ailəsindən olduğunu və ya ən azından həyat yoldaşı Nüsrət Bhuttonun və anasının şiə olması səbəbiylə bu icma ilə sıx bağlılığını qeyd edir. Pakistanın nüvə silahı əldə etməsi məhz bu prezidentin qətiyyəti ilə bağlıdır.

4.Asif Əli Zərdari (2008–2013): Pakistanın 14-cü prezidenti. O, Pakistan tarixində iki dəfə prezident seçilən ilk şəxsdir. Zərdari tanınmış şiə ailəsindən gəlir və özü də şiədir.

5.Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın da şiə (İsmaili, sonra isə On iki imamı Cəfəri) ailəsindən olduğu məlumdur, lakin o, dövlət başçısı (prezident) deyil, Pakistanın general qubernatoru olmuşdur.Tarixdə mövcud olmuş teokratik əsaslı şiə və sünni dövlətlər özlərinə İslam adı götürmürdülər. Çünki bütöv müsəlmanları deyil, hüquq sisteminə və ideoloji xəttinə əsaslandıqları məzhəbi yaxud soyu təmsil edirdilər. Büveyhilər, İdrisilər, Qərmətilər, Fatimilər, Səfəvilər şiə dövləti idi. Rüstəmilər nə sünni, nə şiə, ibadiyyə məzhəbindəndi. Əməvilər sünni, Abbasilər əvvəldə şiə, sonra sünni, arada qısa müddət, 3 xəlifə dövründə Mötəzilə məzhəbinin ideologiyasına əsaslanırdı. Səlcuqlular, Əyyubilər, Ağqoyunlular, Osmanlılar, Şirvanşahlar sünni əqidəli idilər. Hər halda orta əsrlərdə müsəlman dövlətlərinin siyasi - ideoloji əsasları hansısa məzhəbə, hüquq sistemi də o məzhəbin fiqhinə söykənirdi. Lakin özlərini "İslam xilafəti", "İslam əmirliyi", "İslam dövləti" elan etmirdilər. Məsələn, "Abbasilər xilafəti", "Fatimilər xilafəti" kimi qəbul olunurdu.Həmin ənənənin günümüzə daşınmış formaları bu gün "İslam dövləti" adı altında meydana çıxır, lakin tamamilə yanlış, Qurana zidd və siyasətə qurban verilmiş formada”. 

İlahiyyatçı deyib ki, məzhəbçilik, ayrı-seçkilik bu gün müsəlmanları mövcud zəlil vəziyyətə saldı və xarici düşmənlərin əlinə fürsət verdi:

“Bütün müsəlmanlara bərabər yanaşan, fərq qoymadan obyektiv münasibət sərgiləyən İslam dövləti hazırda yeganə olaraq Pakistan İslam Respublikasıdır. Omanda da teokratik sistem olmasa belə, Sultanlıq qanunlarına görə istənilən İslam məzhəbinə əqidə bəsləyən Oman əsilli müsəlman vətəndaş ölkənin lideri ola bilər. Baxmayaraq ki, Omanın əksəriyyəti nə sünni, nə də şiədir. İbadiyyə məzhəbinə etiqad edirlər. Lakin müsəlman aləmində baş verən hadisələrlə bağlı Türkiyə ilə yanaşı ən ciddi şəkildə danışıqlara, sülhə təşviq edən, səy göstərən Oman və Pakistandır. Bu xarakterə görə İran - ABŞ danışıqları müharibədən əvvəl Omanda, indi isə Pakistanda keçirilir.Xülasə, Əfqanıstan hənəfi - sünni əmirliyi, İran isə cəfəri - şiə dövlətidir. Əfqanıstanda qeyri - hənəfi rəhbər vəzifə tuta bilməz, İranda isə qeyri - cəfəri yüksək post tuta bilməz. Demək bu dövlətlər ümumi müsəlmanları, İslamı deyil, sadəcə bir məzhəbi təmsil edirlər. Lakin Pakistanda isə qeyd etdiyimiz kimi tamamilə fərqli, Qurana, İslama və ümumi müsəlmanların mənafeyinə uyğun dövlət sistemi fəaliyyət göstərir.Ancaq bütün hallarda ən doğru olan, bütün hüquqların bərabər şəkildə qorunmasına imkanın olduğu sistemlər dünyəvi, sekulyar, hüquqi, demokratik idarə üsullarıdır. Teokratik sistemin bir nümunəsi bu günkü İran, digər nümunəsi isə bu günkü Əfqanıstandadır. Hər oxuyan Molla Pənah olmadığı kimi hər İslam dövləti də Pakistan ola bilmir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
2
adalet.az

3Mənbələr