Meksikanın "Toluka" klubunun yarımmüdafiəçisi Marsel Ruis dünya çempionatında iştirak etmək üçün zədəsinin əməliyyatından imtina edib.
"Far.Az"un "OneFootball" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı futbolçu sağ dizinin ön çarpaz bağlarının qismən qırılması və menisk zədəsi səbəbindən bir aydan çox yaşıl meydanlardan uzaq qalıb.
Lakin yarımmüdafiəçi əməliyyat əvəzinə reabilitasiya kursunu seçib. Bu da ona DÇ-2026-nın final mərhələsində Meksika millisinin heyətinə düşmək üçün formasını qorumağa imkan verib.
Futbolçu artıq KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin "Los-Anceles Qalaksi" ilə cavab matçının (3:0) 72-ci dəqiqəsində meydana da çıxıb.
Qeyd edək ki, M.Ruis Meksika yığmasının heyətində keçirdiyi 17 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.