AZ

Sağlam qidalanma mütəxəssisi ərzaq satışındakı əsas nöqsanları açıqladı MÜSAHİBƏ

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Məhsəti Hüseynova: “İnsanlar satılan məhsulların son istifadə müddətini yoxlamırlar""Hamı üçün gün ərzində 3 əsas yemək vacib deyil"“Gündə 2-2,5 litr su içmək hər kəs üçün doğru deyil”

Azərbaycanda qida bazarının hazırkı durumu, istehlakçı hüquqlarının qorunması, sağlam qidalanma vərdişləri, uşaq qidaları, məktəblərdə qidalanma məsələsi, bazardakı yağ, ət, su və digər məhsulların keyfiyyəti uzun müddətdir müzakirə olunan mövzulardandır.

Bu və digər aktual məsələlərlə bağlı Modern.az saytı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:

-   Məhsəti xanım, Azərbaycanda qida bazarının hazırkı ümumi vəziyyətini necə qiymətləndirirsiniz? 

-   Bu, çoxşaxəli sualdır və cavab verərkən mütləq müqayisəli yanaşmaq lazımdır. Əgər Azərbaycanın 10 il əvvəlki qida bazarı ilə indiki vəziyyəti müqayisə etsək, təbii ki, müəyyən irəliləyiş var. Çünki hazırda nəzarət mexanizmləri daha çoxdur, qanunvericilikdə dəyişikliklər edilib, bu sahədə ayrıca qurum fəaliyyət göstərir. Əvvəllər qida təhlükəsizliyi ilə bağlı məsələlər müxtəlif qurumlar tərəfindən pərakəndə şəkildə tənzimlənirdi. Bu gün isə həm ayrıca qurumun fəaliyyəti, həm qanunvericilikdə aparılan islahatlar, həm də yeni nəzarət mexanizmləri bu sahənin inkişaf yolunda olduğunu göstərir.

-   Bəs bazardakı keyfiyyət sizi qane edirmi?

-   İnkişaf etmiş Avropa ölkələri ilə müqayisə etsək, deyərdim ki, hələ də geridə qaldığımız məqamlar var. Çünki bu gün marketə gedən istehlakçı hər zaman daha təbii və keyfiyyətli məhsulu seçə bilmir. Həmçinin məhsulların rəflərdə aydın şəkildə fərqləndirilməsi də bir çox hallarda mümkün olmur. Bəzən keyfiyyətsiz, bəzən də saxlanma şəraiti uyğun olmayan məhsullar satışa çıxarılır. Hətta böyük restoranlarda belə köhnə və keyfiyyətsiz məhsulların təqdim edilməsi ilə bağlı şikayətlər olur, monitorinqlər aparılır. Son istifadə tarixi keçmiş məhsullara da rast gəlinir. Xüsusən məni narahat edən məqamlardan biri gənclərin və yeniyetmələrin bu sahədə maarifliliyinin zəif olmasıdır. Onlar bir çox hallarda etiket məlumatlarına baxmırlar, son istifadə müddətini yoxlamırlar. Küçə satışları da hələ də qalır. Süd, süd məhsulları, ət məhsulları kimi yüksək risk qrupuna aid qidalar “kənd məhsulu” adı ilə təqdim olunur. Ona görə də bazardakı vəziyyəti tam qənaətbəxş hesab etməzdim. 

-   İstehlakçı hüquqlarının qorunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

-   İstehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə müxtəlif müddəalar olsa da,  düşünürəm ki, bu sahə yenilənməlidir. Çünki mövcud yanaşmaların bir hissəsi əvvəlki dövrlərə aiddir. Nümunə olaraq, məhsulun kateqoriyasına görə bəzilərini 14 gün ərzində qaytarmaq mümkündür, bəzi məhsullar isə - xüsusən açılmış və birdəfəlik istifadə üçün nəzərdə tutulan gigiyenik vasitələr geri qaytarılmır. Əsas problem ondan ibarətdir ki, istehlakçıların özləri də hüquqlarını tam bilmirlər. Daha dəqiq söyləsək, çox vaxt hansı şikayəti hansı quruma etməli olduqlarını, hansı qurumun hansı səlahiyyətə malik olduğundan məlumatsız olurlar. Bu da öz növbəsində hüquqların müdafiəsini çətinləşdirir. Maraqlıdır ki, zərərli hesab etdiyimiz fast food, qazlı və şəkərli içkilər, enerji içkiləri, elektron siqaretlər və tütün məhsulları ilə bağlı reklamlarla hər yerdə qarşılaşırıq. Amma sağlam qidalarla bağlı belə reklamları demək olar görmürük. Halbuki istehlakçı hüquqları ilə bağlı məlumatlandırıcı, hətta reklam xarakterli billboardlar olarsa, bu, insanlara nəyi necə tələb etməli olduqlarını daha yaxşı anlatmış olar.

-   Azərbaycanda qida mədəniyyəti hansı səviyyədədir? İnsanlar sağlam qidalanma barədə yetərincə məlumatlıdırmı?

-   Azərbaycan milli mətbəxi olduqca zəngindir. Təəssüf ki, son illərdə bütün dünyada olduğu kimi, bizdə də fast food qidalarına maraq artıb. Xüsusən gənclər və yeniyetmələr arasında bu tendensiya güclənib. Bununla da, milli mətbəx bir qədər kölgədə qalıb. Bəzən görürük ki, milli yeməklərimizə daha çox bayramlarda, xüsusi günlərdə rast gəlinir, gənc nəsil isə həmin yeməklərə əvvəlki qədər maraq göstərmir. Halbuki milli yeməklər düzgün seçildikdə, düzgün vaxtda və düzgün miqdarda qəbul edildikdə, yaşadığımız coğrafiyaya uyğun qidalardır. Məsələn, xəngəl barədə tez-tez deyilir ki, ağır kalorili yeməkdir və məsləhət görülmür. Mən bu fikirlə tam razı deyiləm. Xəngəl soyuq aylarda yeyilən yeməkdir və həmin aylarda insan orqanizminin enerjiyə ehtiyacı artır. Sadəcə, onu günün birinci yarısında və az miqdarda qəbul etmək daha məqsədəuyğundur. Bu yanaşmanı başqa milli yeməklərimizə də tətbiq etmək olar.

-   Sağlam qalmaq üçün gündəlik qidalanma necə qurulmalıdır? Hansı qidalar mütləq rasionda yer almalıdır?

-   Günlük qidalanmada orqanizmə lazım olan makro və mikroelementlər təmin olunmalıdır. Karbohidratlar, zülallar, yağlar, vitaminlər, minerallar balanslı şəkildə qəbul edilməlidir. Bunun üçün də qidalar mümkün qədər müxtəlif olmalıdır. Nümunə olaraq, həftəlik rasionda 2 dəfə qırmızı ət, 2 dəfə balıq, 2 dəfə toyuq əti yer almalıdır. Bundan əlavə, qidaların yanında paxlalılar da olmalıdır. Qarabaşaq, düyü, lobya, mərci kimi məhsullardan istifadə etmək faydalıdır. Mövsümi tərəvəzlər də mütləq rasionda yer almalıdır. Onlar liflə zəngin, vitamin və mineral dəyəri yüksək olmaqla yanaşı, həzmi də asanlaşdırır. Yaşa görə qidalanmada da fərq var. Təxminən 20-25 yaşadək orqanizm daha sürətlə inkişaf etdiyinə görə gün ərzində 3 əsas yemək - səhər, günorta, axşam qəbulu daha uyğundur. 25 yaşdan sonra isə maddələr mübadiləsi zəiflədiyi üçün 2 əsas qida qəbulu da kifayət edə bilər. Burada əsas məsələ təkcə tox tutmaq deyil də, orqanizmin ehtiyac duyduğu maddələrin düzgün şəkildə qarşılanmasıdır.

-   Hansı qidalardan uzaq durmaq lazımdır?

-   Uzun rəf ömrü olan paketlənmiş qidalar, müxtəlif atıştırmalıq məhsullar, cipslər, suxarilər, uzun müddət saxlanılan un məmulatları, peçenye, keks və digər şirniyyatlar zərərli qidalar sırasındadır. Çünki evdə hazırlanan məhsulun ömrü 2-3 gün olduğu halda, bu məhsulların 6 aydan 2 ilədək rəf ömrü olur. Bu isə tərkibində çoxlu kimyəvi qatqı maddələrinin olduğunu göstərir.

Digər təhlükəli qrup mənşəyi bəlli olmayan fast food məhsullarıdır. İnsanlar bəzən deyirlər ki, hamburger niyə zərərlidir, axı onun içində ət və tərəvəz var. Əgər bu yemək təbii, mənşəyi bəlli ətdən və yerli, mövsümi tərəvəzlərdən hazırlanıbsa, zərərli hesab olunmaya bilər. Amma bir çox hallarda həmin məhsulların hazırlanmasında mənşəyi bilinməyən ət, çoxlu qatqı maddəsi, gizli şəkər, saxlama müddəti bilinməyən souslar istifadə olunur. Əlavə olaraq, sanitar-gigiyenik şərait də uyğun olmaya bilər. Qazlı, şəkərli içkiləri isə demək olar hər yaş qrupu üçün zərərli hesab edirəm. Onların tərkibində həddən artıq rafinə olunmuş şəkər var. Bunları rasiondan çıxarmaq yaxşı olar. Həmçinin mövsümündə olmayan meyvə-tərəvəzlərdən də mümkün qədər uzaq durmaq lazımdır. Daha çox yerli və mövsümi məhsullara üstünlük verilməlidir.

-   Bəs çörəyi tamamilə qida rasionundan çıxarmaq doğrudurmu? 

-   Çörəyi tamamilə rasiondan çıxarmaq doğru deyil. Sadəcə olaraq miqdar tənzimlənməlidir. Gündə 1-2 dilim çörək yetərlidir. Qalan karbohidrat ehtiyacı isə meyvə, paxlalılar və digər məhsullardan qarşılanmalıdır. Xüsusən çörək günün birinci yarısında qəbul olunmalıdır. Tam buğda və çovdar unundan hazırlanan çörəklər üstünlük təşkil edə bilər. 30 yaşdan sonra və artıq çəkiyə meyilli şəxslərdə isə axşam saatlarında çörəkdən uzaq durmaq daha məqsədəuyğundur.

-   Un məhsullarının keyfiyyəti barədə nə deyə bilərsiniz?

-   Bu gün “3 ağ zəhər” kimi tanınan un, duz və şəkər ən çox istifadə olunan məhsullardandır. Həm aşağı, həm yüksək gəlirli ailələrin gündəlik qidasında bunlara rats gəlinir. Ona görə də ən çox manipulyasiya da məhz bu məhsullarda olur. Onların rənginin ağardılması, daha uzun müddət saxlanılması, zərərvericilərdən qorunması və cəlbedici görünməsi üçün müxtəlif kimyəvi qatqılar əlavə edilir. Bu halda həmin məhsullar artıq təbii mahiyyətini itirmiş olur. Keyfiyyətli unu seçmək üçün ilk növbədə məhsul dövlət nəzarətindən keçmiş yerdən alınmalıdır. Etiket məlumatları aydın yazılmalı və alıcı bilməlidir ki, bu məhsul əla növ buğda unudur, yoxsa daha az emal olunmuş məhsuldur. Çünki buğdanın əsas faydalı hissələri - kəpək və rüşeym çox vaxt emal prosesində çıxarılır. Əla növ un isə daha çox ağardılmış, daha az faydalı məhsula çevrilir. Evdə ənənəvi maya üsulu ilə, müxtəlif toxumlar əlavə etməklə hazırlanan çörək daha keyfiyyətli sayılır. 

-   Tez-tez deyilir ki, sağlam qidalanmaq baha başa gəlir. Siz bu fikirlə razısınızmı?

-   Mən bu fikirlə razı deyiləm. Sağlam qidalanma bir qədər vərdiş və seçim məsələsidir. İnsan bəhanə axtarmaqdan çox, bunu necə edə biləcəyinə fokuslanmalıdır. Məsələn, kərə yağını götürək. Satışda çox ucuzundan, çox bahalısına qədər müxtəlif məhsullar var. Keyfiyyətli kərə yağı təbii ki, daha baha olur. Amma insan orqanizmi üçün gün ərzində 25 qram yağ kifayətdir. Əgər insan ucuz, keyfiyyətsiz yağı daha çox istifadə edəcəksə, bu həm sağlamlığa zərərdir, həm də sərfəli deyil. Keyfiyyətli məhsulu az miqdarda istifadə etmək isə daha düzgün yanaşmadır.

İnsan istifadə etdiyi məhsulları tanımalı, araşdırmalıdır. Məsələn, şokolad alırsa, əsas tərkib hissəsinin kakao olub-olmadığına baxmalıdır. Əgər orada kakao əvəzedicisi, dadlandırıcılar yazılıbsa, bu keyfiyyətli məhsul deyil. Eynilə, kərə yağında da əsas tərkib inək südü olmalıdır. Əgər üzərində “bitki yağı əsaslı”, “spred”, “marqarin” kimi ifadələr varsa, bu artıq kərə yağı deyil. Bundan əlavə, zeytun yağı alarkən də tərkibində başqa yağların olub-olmamasına baxmaq lazımdır. Məhsulun mənşəyi, sertifikatı, dövlət nəzarətindən keçib-keçməməsi vacibdir. Ucuz qiymət və kampaniyalar hər zaman alıcı üçün üstünlük demək deyil. Heç bir sahibkar məhsulu maya dəyərindən aşağı satmaz. Ona görə də qiymət, "2+1" və s. yalan əsaslı kompaniyalar insanları aldatmamalıdır. Doğrudur, qiymət həmişə keyfiyyət göstəricisi deyil, amma əksər hallarda müştərilər üçün müəyyən bir siqnaldır.

-   Kənd məhsulu sayılan nehrə yağının keyfiyyəti barədə nə düşünürsünüz?

-   Əgər doğrudan da keyfiyyətli nehrə yağıdırsa və gün ərzində 25 qramı keçməmək şərti ilə istifadə olunursa, zərərli deyil. Amma əsas məsələ onun hansı şəraitdə hazırlanmasıdır. Süd hansı heyvandan alınıb, həmin heyvan vaxtında nəzarətdən keçibmi, süd sağılarkən sanitar-gigiyenik qaydalara əməl olunubmu - bunlar çox vacibdir. Bəzən insanlar yalnız “nehrə yağı” adına baxırlar, amma hazırlanma şəraitini düşünmürlər. Bəzi hallarda belə məhsullara da qatqı edilir. 

-   Ölkədə sanitar şəraiti necə qiymətləndirirsiniz? Qida məhsullarının satışı və istehsalında sanitar vəziyyət qənaətbəxşdirmi?

-   Qətiyyən. Mən hesab etmirəm ki, bu sahədə vəziyyət qənaətbəxşdir. Çünki sanitar-gigiyenik qaydalara ən çox əməl etməli olanlar məhz qida ilə işləyən şəxslərdir. Aşpazdan tutmuş ofisiantadək, qabyuyana qədər hər kəs bu qaydaları bilməlidir. Bəzi yüksək səviyyəli müəssisələrdə bu məsələlərə diqqət yetirilir, amma orta səviyyəli iaşə obyektlərində çox vaxt bu sahədə ciddi boşluqlar görünür. Sərt cərimələr tətbiq olunmalıdır. Çünki insan sağlamlığına bilərəkdən vurulan zərər çox ciddi məsələdir. Əksər hallarda sağlamlığa dəymiş fəsadlar dərhal bilinmir, bir neçə il sonra üzə çıxır.

-   Günlük kalori balansı necə müəyyən edilməlidir? Bu, hamı üçün eynidirmi?

-   Xeyr, hər kəs üçün fərqlidir. Yaş, cins, yaşadığı coğrafi mühit, mövsüm, gündəlik fiziki aktivlik, oturaq və ya hərəkətli həyat tərzi və s. amillər çox vacibdir. Ona görə də gündəlik kalori ehtiyacı da, qidanın tərkibi də fərdi olmalıdır. Sadəcə kaloriyə baxmaq düzgün yanaşma deyil. Əsas məsələ həmin kalorinin hansı qidadan gəldiyidir. Məsələn, 2000-2500 kalori qəbul edilirsə, bunun içində karbohidratların, zülalların, yağların, vitamin və mineralların nisbəti düzgün qurulmalıdır. Təxminən karbohidratlar 45-60 faiz, zülal 25-30 faiz təşkil etməlidir. Qalan hissə isə digər faydalı elementlərlə tamamlanmalıdır.

-   Sağlam dietik menyu necə olmalıdır?

-   Əslində dieta daha çox xəstəliyi olan, çəki almaq və ya çəki azaltmaq istəyən insanlar üçün nəzərdə tutulan qida rejimidir. Sağlam insan üçün ciddi pəhriz tərəfdarı deyiləm. Sağlam insan balanslı və düzgün qidalanmalıdır. Burada da hər kəsin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bir çox “dietik”, “şəkərsiz”, “zero” adı ilə satılan məhsullar əslində marketinq üsuludur. Çünki bir məhsulun tərkibində şəkər yoxdursa, çox vaxt onun əvəzinə aspartam kimi kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr şəkərdən dəfələrlə şirin olsa da, orqanizm üçün zərərlidir. Şəkərsiz və ya dietik adı ilə paketlənmiş məhsullara aldanmaq əvəzinə, təbii qidalarla rasionu tənzimləmək daha faydalıdır.

-   Uşaq qidaları ilə bağlı narahatlıqlar da gündən-günə artmaqda davam edir. Hazır uşaq qidaları təhlükəlidirmi?

-   Uşaq üçün ən təbii və ən faydalı qida ana südüdür. Təəssüf ki, bu gün bir çox uşaq ana südündən məhrum böyüyür. Əlavə qidaya keçid zamanı yerli və mövsümi meyvələrdən hazırlanmış pürelər, evdə hazırlanmış sıyıqlar, tərəvəzlər və şorbalar daha yaxşıdır. D

Hazır uşaq qidaları isə emal olunmuş məhsullardır. Onlardan istifadə uşağın immun sisteminin zəif formalaşmasına gətirib çıxara bilər. İstisna olaraq, nadir hallarda, məsələn səfərdə olduqda istifadə oluna bilər. 

-   Uşaqlara vitamin əlavələrinin verilməsi nə dərəcədə zəruridir?

-   Əgər uşaq təbii qidalanmırsa, süni qidadan çox istifadə olunursa, vitamin və mineral çatışmazlığı ehtimalı artır. Bu halda vitamin əlavələri lazım ola bilər. Amma bu mütləq həkim məsləhəti ilə, uşağın orqanizminin vəziyyəti nəzərə alınaraq verilməlidir. 

-   “Nestle” kimi uşaq qidaları ilə bağlı da zaman-zaman iddialar səslənir. Bu məhsullara etibar etmək olarmı?

-   Son illərdə belə hallarla bağlı müxtəlif məlumatlar olub. Müəyyən partiyalarda bakteriyalar aşkarlanıb, həmin məhsullar geri çağırılıb. Problem ondadır ki, məhsul ölkəyə daxil olarkən hər biri ayrıca və ətraflı şəkildə yoxlanılmır. Uşaq qidaları yüksək risk qrupuna daxildir. Valideynlər bu məhsulları nəzarətdən keçmiş böyük marketlərdən və ya apteklərdən almalıdır. Onlayn şəkildə ucuz qiymətə və ya xaricdən gətirilmiş məhsullara həddən artıq güvənmək düzgün deyil. 

-   Satışdakı kolbasa və sosiskaların keyfiyyəti barədə nə deyə bilərsiniz? 

-   Bu çox mühüm məsələdir. Ötən illərdə aparılan monitorinqlər göstərdi ki, illərlə istifadə olunan bəzi məşhur ət məhsullarında ciddi nöqsanlar olub. Məsələn, mal əti kimi göstərilən məhsulda mal əti aşkarlanmaması, “halal” adı ilə satılan məhsulda donuz DNT-si çıxması kimi faktlar oldu. Əgər belə problemlər məşhur markalarda çıxırsa, bu, uzun müddət davam edən vəziyyətin göstəricisidir. Burada hər partiyaya nəzarət vacibdir. İstehlakçı baxmalıdır ki, məhsulun keyfiyyət sertifikatı varmı, əsas tərkibi hansı ətdən ibarətdir, həqiqətən həmin ət təşkil edir, yoxsa tərkib daha çox qatqı maddələrindən ibarətdir. Nitritlər və digər kimyəvi maddələr minimum səviyyədə olmalıdır. Amma keyfiyyətli olsa belə, kolbasa və sosiska gündəlik qida olmamalıdır. Onlar daha çox delikates məhsul kimi, az miqdarda istifadə olunmalıdır. Davamlı istifadə isə bağırsaq florasına, immun sisteminə mənfi təsir edir.

-   İlk 3 keyfiyyətli kolbasa-sosis brendinin adını çəkə bilərsinizmi?

-   Mənim iş prinsipimdə konkret brend adı vurğulamaq yoxdur. Amma öz məhsuluna güvənən istehsalçını seçmək mümkündür. Qablaşdırmada bütün məlumatlar açıq yazılmalıdır - istehsalçı ünvanı, "qaynar xətt", elektron poçt, tərkib, istehsal və son istifadə tarixi. Bir məqama da diqqət çəkmək istərdim. Kolbasaların çəki ilə, kəsilmiş şəkildə satılması daha risklidir. Çünki belə olduqda istehlakçı məhsulun əsl tarixini və məlumatlarını görə bilmir. Ona görə də bütöv və üzərində bütün məlumatları olan məhsulu almaq daha doğru olardı. 

-   Premium qablaşdırma, məhsulun keyfiyyətindən xəbər verə bilərmi?

-   Xeyr. Yaxşı qablaşdırma hər zaman keyfiyyət demək deyil. Təcrübəmdə olub ki, çox gözəl qablaşdırılmış məhsulun hazırlandığı yerə təsadüfən şahid olmuşam və görmüşəm ki, məhsul qutusundakı görüntüyə uyğun şəraitdə hazırlanmır. Ona görə də nə qiymət, nə də qablaşdırma insanı aldatmamalıdır. Əsas olan xammalın keyfiyyəti, tərkibin düzgün göstərilməsi və istehsalçının etibarlılığıdır.

-   Siz özünüz kolbasa və sosiskadan istifadə edirsiniz?

-   Deyərdim ki, uşaqlıqdan bu məhsullardan istifadə etməmişəm. Mənim qida rasionumda nəinki kolbasa-sosiska, hətta qazlı şəkərli içkilər, nə də fast food yer almır.

-   Övladlarınızı da bu qidalardan qoruya bilirsinizmi?

-   Müəyyən yaşadək bu mümkündür. Uşağın qidalanması ailədən asılı olur. Amma yaş artdıqca, ad günlərində, dəvətlərdə, məktəb və universitet mühitində onlar daşıdıqları sosial mühitin təsiri ilə bu qidalarla qarşılaşırlar. Ayda bir dəfə az miqdarda istifadə böyük problem yaratmaya bilər. Əsas odur ki, gündəlik qidalanma formasına çevrilməsin.

-   Bir insan gündə nə qədər ət istehlak etməlidir?

-   Bu, yaşa, cinsə və fiziki xüsusiyyətlərə görə dəyişir. Amma ümumən 150-200 qramı keçməmək şərti ilə qəbul edilməsi kifayət sayılır. Ət günün birinci yarısında, xüsusən günorta yeməyində qəbul olunarsa, daha məqsədəuyğundur. Qırmızı ətin C vitamini ilə zəngin tərəvəzlər, limon, sitrus meyvələri və ya nar kimi məhsullarla birlikdə istehlakı onun tərkibindəki faydalı maddələrin orqanizm tərəfindən daha effektiv mənimsənilməsinə şərait yaradır. Normadan artıq qəbul isə ürək, mədə, qaraciyər və böyrəklərə əlavə yük yaradır.

-   Həftəlik və aylıq rasionda ət necə qurulmalıdır?

-   Həftədə 2 dəfə qırmızı ət, 2 dəfə balıq, 2 dəfə toyuq əti qəbul olunması daha məqsədəuyğundur. Balıq xüsusən vacibdir. Məsələn, həftədə 2 dəfə balıq yeyən, kifayət qədər çərəz qəbul edən və açıq havada zaman keçirən insanlarda D vitamini çatışmazlığı daha az görünür. Əsas məsələ qidaların müxtəlifliyidir. 

-   Satışdakı yağların keyfiyyəti barədə nə deyə bilərsiniz? Qablaşdırılmış əsl kərə yağı varmı?

-   Mən deyərdim ki, keyfiyyətli kərə yağı var. Həm qablaşdırılmış, həm idxal olunan, həm də yerli istehsal olan yaxşı məhsullar mövcuddur. Ölkəmizdə də xüsusilə Saatlı və Sabirabad bölgələrində heyvandarlıqdan əldə olunan kərə yağları keyfiyyəti ilə seçilir. Sadəcə onları tanımaq və seçmək lazımdır. Yəni bazarda yaxşı məhsul yoxdur demək düzgün olmaz, amma istehlakçılar seçimlərində msəuliyyətli və diqqətli olmalıdırlar. 

-   Son vaxtlar idxal olunan ətlər, xüsusən Monqolustan mənşəli quzu ətləri müzakirə olunur. Bu məhsullar barədə fikriniz nədir?

-   Ümumiyyətlə, insan üçün yaşadığı ərazidən daha yaxın məsafədən gələn məhsullar daha faydalı olur. Bu həm bitki mənşəli, həm də heyvan mənşəli qidalara aiddir. Ət məsələsində də yerli və təzə məhsul ilk seçimdir. Amma idxal olunan, xüsusən dondurulmuş ətlər düzgün daşınıbsa, "soyuq zəncir" prinsipi qorunubsa, mənşəyi və baytarlıq nəzarəti məlumdursa, satış zamanı bütün məlumatlar açıq göstərilirsə, istifadə oluna bilər. Burada ən vacib məqam ətin yaxşı bişirilməsidir. Belə ki, daxili temperatur 70 dərəcəni keçməlidir. Bu həm ölkəyə idxal olunan, həm də yerli ətlərə aiddir.

-   Geni dəyişdirilmiş məhsullarla bağlı mövqeyiniz necədir?

-   Bu, son illərdə daha çox qabardılan mövzulardandır. Bəzən aclığın qarşısını almaq üçün GMO məhsulların vacibliyi deyilir. Mən bu yanaşma ilə razı deyiləm. Dünyada israf olunan qidalar düzgün bölüşdürülsə, bunun əvəzinə daha çox insanı qidalandırmaq mümkündür. Geni dəyişdirilmiş məhsulların zərərlərini tam görmək üçün hələ kifayət qədər uzun müddət keçməyib. Araşdırmalar davam edir. Amma sadə məntiqlə də baxsaq, mövsümündə yetişən, dadı və qoxusu olan təbii pomidorla ilin bütün fəslində görünüşü yaxşı, amma dadı-qoxusu olmayan məhsul arasında fərq böyükdür. Ən çox GMO ilə əlaqələndirilən məhsullardan biri "soya"dır. Qarğıdalı da bu sıradadır. Bu maddələr bir çox paketlənmiş məhsulun tərkibində var. Mən gündəlik qida kimi belə məhsullardan uzaq durmağı daha məqbul hesab edirəm.

-   Mövsümündə yeyilməyən, istixanada yetişdirilən meyvə və tərəvəzlərin təsiri nə dərəcədə ciddidir?

-   İstixana məhsulları süni istilik, kimyəvi maddələr və pestisidlər hesabına yetişdirildikdə, onların həm qidalılıq, həm də vitamin-mineral dəyəri aşağı düşür. Ona görə də gündəlik istifadə üçün tövsiyə edilmir. Biz Azərbaycanda yaşayırıqsa, hər fəsildə mövsümə uyğun meyvə-tərəvəz tapmaq mümkündür. Ona görə də mövsümi məhsullara, meyvə və tərəvəzlərə üstünlük verilməlidir.

-   Marketlərdə satılan hazır və dondurulmuş qidalar barədə nə deyə bilərsiniz?

-   Bunlar birmənalı olaraq yarımfabrikat məhsullardır və rəf ömrü çox qısa olmalıdır. Buna səbəb isə tərkibində qarışıq məhsulların çoxluğu, un məmulatları, ət, soğan və digər əlavələrdən istifadədir.  Mən daha çox gündəlik istifadə olunacaq qədər təzə qidanın hazırlanmasının tərəfdarıyam. Amma belə məhsullar alınırsa, qablaşdırma zədələnməməli, son istifadə tarixi və tərkibi aydın göstərilməlidir.

-   Məhsulların üzərində yazılan son istifadə tarixlərinə etibar etmək olarmı?

-   Əgər beynəlxalq standartlara uyğun şəkildə vurulubsa, bəli. Məsələn, konserv məhsullarda tarix birbaşa bankanın üzərində olmalıdır. Sonradan dəyişdirilməsi mümkün olan etiketlərdə bu məlumatın verilməsi doğru deyil. Məhsul bitənədək bu tarix görünən formada paketin, ümumilikdə hər cür formada qablaşdırmanın üzərində qalmalıdır.

İnsanlar məhsulu alarkən son istifadə tarixinə baxmırlar. Ümumiyyətlə, qida alarkən bütün detallara diqqət edilməlidir.

-   Qablaşdırılmış içməli suların keyfiyyəti də tez-tez müzakirə olunur... Sizcə, müxtəlif brendli suların keyfiyyəti necədir?

-   Aparılan monitorinqlər göstərib ki, bəzi hallarda bu sular antisanitar şəraitdə doldurulur, bidonlar düzgün yuyulmur, mərkəzləşdirilmiş sistemdən və ya təmizlənmədən keçirilmədən doldurulur. Bu, ciddi problemdir. Burada həm nəzarət güclənməlidir, həm də ictimai nəzarət vacibdir. Su qablaşdırmalarında təbiət şəkilləri, dağ-bulaq görüntüləri, “müalicəvi” kimi ifadələr əvvəllər alıcıları çaşdırır. Qanunvericilikdə bununla bağlı müəyyən qadağalar tətbiq olunub. Mənşə aydın göstərilməlidir. İstehlakçılar isə reklama yox, məhsulun mənşəyinə, sertifikatına və keyfiyyət göstəricilərinə baxmalıdır.

-   Yeri gəlmişkən, AQTA bu ilin əvvəlində 30-dan çox su şirkətində nöqsan aşkarlamışdı, amma adlar açıqlanmadı. Buna münasibətiniz necədir?

-   Məncə, bu cür hallarda ictimaiyyət məlumatlandırılmalıdır. Şirkətlərin adlarının açıqlanması həm istehlakçılar üçün vacibdir, həm də digər şirkətlər üçün nümunə olur.

-   Uşaqlar üçün satılan suların tərkibi necə olur?

-   Uşaqlar üçün nəzərdə tutulan sularda çox vaxt ciddi fərq olmur. Burada əsas məsələ suyun pH səviyyəsi, codluğu və mineral tərkibidir. Əsas odur ki, etibarlı, keyfiyyət standartlarına cavab verən marka olsun.

-   Enerji içkilərindən istifadə gənclər arasında geniş yayılıb. Onların əsas zərərləri nələrdir?

-   Enerji içkilərinin tərkibi ilə bağlı standartlar olsa da, aparılan monitorinqlər göstərib ki, bir çox hallarda enerji içkisi adı ilə satılan məhsullar sadəcə rəngli, qazlı və şəkərli içkilərdir. Bu içkilər orqanizmdə süni enerji hissi yaradır, amma qısa müddətdən sonra halsızlıq və yorğunluq verir. Bunun səbəbi tərkibindəki kofein və digər maddələrin təsiridir. Mən bu içkiləri tövsiyə etmirəm. İnsan enerjili olmaq istəyirsə, yuxu rejimini, qidalanmasını, fiziki aktivliyini tənzimləməlidir. Təbii alternativlər həmişə daha faydalı sayılır.

-   Sizcə, Azərbaycanda ən keyfiyyətli bala hansı bölgələrimizdə rast gəlinir? 

-   Balın keyfiyyəti bölgədən çox, hazırlanma prosesi və arıların hansı bitkilərdən nektar toplaması ilə bağlıdır. Cökə balı daha sadə tərkibli çiçək balı hesab olunur. Şəki, Zaqatala, Qax, Qəbələ bölgələrində şabalıd balı geniş yayılıb və xüsusi təsirləri ilə tanınır. Cənub bölgəsində də faydalı ballar var. Amma bazarda şəkərdən hazırlanmış məhsullar da təbii bal adı ilə satılır. Ona görə də istehlakçılar bütün qidalarla yanaşı, eyni zamanda bal alarkən də diqqətli olmalıdırlar.

-   Özbəkistandan gətirilən arı ailələrindən əldə olunan balın keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz?

-   Əgər texnologiya düzgün tətbiq olunursa, burada ciddi problem olmur. Müəyyən fərqlər ola bilər, amma keyfiyyət baxımından əsas olan düzgün istehsal prosesidir.

-   Son dövrlər spirtli içkilərdən zəhərlənmə və ölüm halları artır. Bu məhsulların mənşəyi məlum olmayan sexlərdə istehsalı nə qədər yayılıb?

-   Belə hallara daha çox bölgələrdə, xüsusən toy məclislərində rast gəlinir. Mənşəyi bilinməyən məhsullar satışa çıxarılır və bunlar yüksək risk daşıyır. Təkcə spirtli içkilər yox, bəzi hallarda meyvə şirələri, kompotlar və hətta sular da tanınmayan markalarla təqdim olunur. Belə məhsulların istifadəsi məqsədəuyğun deyil.

-   Qida zəhərlənmələrinin əsas səbəbləri nələrdir? Bu kimi zəhərlənmələrdən necə qorunmaq olar?

-   Dünyada qida zəhərlənmələrinin böyük hissəsini məişət zəhərlənmələri təşkil edir. Evdə bişirilən qidanın düzgün saxlanmaması, gigiyenik qaydalara əməl olunmaması, çarpaz çirklənmə, yeməyin uzun müddət otaq temperaturunda saxlanılması və dəfələrlə isidilməsi buna səbəb olur. Restoranlarda isə mayonez, ketçup, ət və süd məhsulları ilə bağlı düzgün saxlama qaydalarına əməl olunmaması, məhsulların vaxtında istifadə edilməməsi kütləvi zəhərlənmələrə yol aça bilər. Ev şəraitində hazırlanan turşular da risk daşıyır. Sterilizasiya qaydalarına əməl olunmursa, çox ağır nəticələr yarana bilər. Bundan başqa, insanların fərdi allergik xüsusiyyətləri də nəzərə alınmalıdır. Bəzən bir qida bir insan üçün təhlükə yaratmır, başqasında isə ciddi reaksiyaya səbəb olur.

 Azərbaycanda ən çox məişət zəhərlənmələri, xüsusən də evdə hazırlanmış turşulardan baş verən hallar diqqət çəkir. Kütləvi zəhərlənmələr sırasında isə dönərdən zəhərlənmə çox yer tutur. Xüsusilə məktəblilər və azyaşlılar arasında bu hallara daha çox rast gəlinir.

-   Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini necə qiymətləndirirsiniz?

-   Son illərdə aqroparkların inkişafı və kənd təsərrüfatına dəstək istiqamətində müəyyən addımlar atılıb. Amma birdən-birə bütün sahələrin ideal vəziyyətdə olmasını gözləmək doğru deyil. Ümid edirəm ki, zamanla problemlər aradan qalxacaq. Bu sahədə əsas problemlərdən biri peşəkar kadr çatışmazlığıdır. Qida texnoloqları, baytarlar və digər ixtisas sahiblərinin həm nəzəri, həm praktiki hazırlığı yetərli deyil. Təhsil müəssisələrində laboratoriyalar olsa da, onları işlədəcək və real mühitə hazırlayacaq kadrlar çatışmır. Yerli kadrların yetişdirilməsinə daha çox dəstək lazımdır.

-   Qidlanmaya dair beynəlxalq təcrübədə hansı ölkələri nümunə kimi göstərmək olar?

-   Məktəblərdə qidalanma baxımından Finlandiya çox yaxşı nümunədir. Orada dövlət məktəblərdə qidanı təmin edir və uşaqlarda sağlam qida vərdişi formalaşdırılır. Yaponiyada da məktəb qidalanması nümunəvi səviyyədədir. Satış prinsipləri baxımından Avropanın bir çox ölkəsində faydalı modellər var. Restoran xidmətləri sahəsində isə Türkiyə modeli müştəri məmnuniyyəti baxımından diqqət çəkir.

-   Məktəblərdə paketli qidaların azaldılması və monitorinqlərin genişləndirilməsi ilə bağlı nə düşünürsünüz? Bu barədə təklifləriniz nədən ibarətdir? 

-   Məktəblərdə əsas problemlərdən biri bufetlərdə faydalı qidalara əlçatanlığın zəif olmasıdır. Ən sadə nümunə kimi deyim ki, məktəb və universitet bufetlərində demək olar meyvə satıldığını görmürük. Halbuki mövsümi meyvələrin, kiçik paketlərdə çərəzlərin satışı təşkil olunsa, həm sağlam, həm də əlçatan seçim olar. Əvəzində rəf ömrü uzun olan paketli qidalar çoxdur. Səhər evdən qida qəbul etmədən çıxan şagird məktəbdə bu məhsullara yönəlirsə, bu artıq onun sağlamlığına təsir edir. Su əvəzinə qazlı və şəkərli içkilərin satılması da ayrıca problemdir. 

-   Xarici təcrübədən hansı modeli daha çox önə çəkərdiniz?

-   Mən Finlandiyanı xüsusi qeyd edərdim. Çünki orada hər uşaq üçün qidalanma fərdi düşünülür, dövlət məktəblərdə qidanı da, təhsili də ödənişsiz təmin edir. Bu tək cəmiyyətin yox, həm də gələcəyin sağlamlığı deməkdir.

-   Özünüz hansı qidaları tamamilə rasionunuzdan çıxarmısınız?

-   Mən uşaqlıqdan sağlam qidalanmağa üstünlük vermişəm. Valideynlərimin də bunda böyük rolu olub. Ona görə sonradan çıxardığım qida demək olar yoxdur. Zərərli qidaları ümumiyyətlə rasionuma daxil etməmişəm. Milli mətbəxə, mövsümi məhsullara üstünlük verirəm, hər gün fiziki aktivliyə vaxt ayırıram, uzun illərdir üzgüçülüklə məşğulam. Su qəbuluna da ciddi diqqət edirəm.

-   Çay barədə nə deyə bilərsiniz? Ən keyfiyyətli çaylar hansılardır?

-   Çayın keyfiyyəti onun tərkibindən, hazırlanma üsulundan və yarpağın keyfiyyətindən asılıdır. Bizim yerli çaylarımız da çox keyfiyyətlidir. Dünya üzrə isə Şri-Lanka və Hindistan çayları məşhurdur. Əsas məsələ düzgün dəmləmədir. Çay ən azı 15-20 dəqiqə dəm almalıdır. 45-50 dəqiqədən çox dəmlənmiş çayı isə məsləhət görmürəm. Yeməkdən dərhal sonra çay içmək də tövsiyə olunmur. Gün ərzində 2-3 fincan çay qəbulu kifayət edir. 

-   Duru yeməklər həftədə neçə dəfə qəbul olunmalıdır?

-   Əgər insan gün ərzində lazımi qədər maye qəbul edirsə, duru yemək mütləq deyil. Çünki su ehtiyacı təkcə içilən su ilə yox, meyvə, ayran, şorba kimi məhsullardakı maye ilə də qarşılanır. Amma bəzi şəxslərdə mədə-bağırsaq problemləri varsa, şorba və duru yeməklər daha faydalı ola bilər. Xüsusən qışda bunlar orqanizmi daha tez isidir və həzmi asanlaşdırır.

-   “Gündə 2-2,5 litr su içmək lazımdır” fikri ilə razısınızmı?

-   Xeyr, qətiyyən. Bu, hamı üçün eyni ola bilməz. Su ehtiyacı bədən çəkisinə görə hesablanmalıdır. Təxminən hər kiloqram çəkiyə 30 ml su uyğun gəlir. 50 kiloqram çəkisi olan insan üçün 2 litr su bəzən artıq ola bilər və böyrək, ürək üçün əlavə yük yarada bilər. Maye tələbatı mövsümə, qidalanmaya və fiziki aktivliyə görə də dəyişir. Ona görə də hər kəs öz orqanizminə uyğun yanaşmalı və su qəbul etməlidir.

-   İnsanlar sağlam qalmaq və xəstəliklərdən qorunmaq üçün necə qidalanmalıdırlar?

-   Yaşa uyğun qidalanma vacibdir. Təxminən 20 yaşadək 3 əsas yemək, 25-30 yaşdan sonra isə 2 əsas yemək daha uyğun ola bilər. Gün ərzində mövsümi meyvə və tərəvəzlər, paxlalılar, ət və digər zəruri məhsullar mütləq rasionda yer almalıdır. Maye düzgün tənzimlənməlidir. Çərəzlər də allergik reaksiyalar nəzərə alınmaqla, müəyyən miqdarda qəbul edilə bilər. Məclislərdə, toy və ziyafətlərdə həddən artıq yemək olmaz. Çünki bir günlük həddən artıq yüklənmə belə baş ağrısı, köp, şişkinlik və digər problemlər yaradır. 25 yaşadək maddələr mübadiləsi daha sürətli olur, 25-30 yaşdan sonra isə daha yüngül, tez həzm olunan qidalara üstünlük verilməlidir. 30 yaşdan sonra hormonal dəyişikliklər də qidalanmaya təsir edir. Stress, yuxusuzluq, az fiziki aktivlik bu prosesi daha da çətinləşdirir. Buna görə də mütəmadi analizlər vermək, sağlamlıq problemlərini vaxtında araşdırmaq və peşəkarlar mütəxəssislərlə məsləhətləşmək vacibdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
modern.az

1Mənbələr