AZ

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi-praktik konfrans

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Mərasimin açılışı elmi-praktik konfransın qonaqlarının və ziyalıların iştirakı ilə muzeyin Xaqani guşəsində baş tutub. 

Daha sonra konfrans Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin akt zalında davam edib. Filialın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı konfransın Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2026-cı il tarixli sərəncamına əsasən təşkil olunduğunu bildirib. 

O, böyük Azərbaycan şairi  Xaqani Şirvaninin yaradıcılığından bəhs edərək, ədibin yüksək bədii-estetik dəyərə malik irsinin klassik Şərq poeziyasının inkişafına əhəmiyyətli təsir göstərdiyini söyləyib. Qeyd edib ki, Xaqani Şirvani fəlsəfi dərinliyi, poetik üslubunun orijinallığı və dilinin zənginliyi ilə seçilərək sonrakı dövrlərin ədəbi düşüncəsinə də güclü təsir edib. Sonrakı  yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələniblər.

Məraismdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Beynəlxalq əlaqələr və dünya muzeyləri” şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq “Xaqani yaradıcılığında Şirvan” mövzusunda məruzə ilə çıxış edib. O, Xaqaninin Şirvanı öz şeirlərində paklıq və ülviyyət aynası, ədəb və mərifət diyarı kimi anaraq, Şərqin Bağdad və Bəsrə kimi şəhərləri ilə müqayisə etməsindən, öz şairlik təbinin də doğma diyarın ab-havasından qaynaqlandığından bəhs edib.

Muzeyin elmi işçisi Natavan Bağırova isə çıxışında bildirib ki, sözün xaqanı, şeir mülkünün hökmdarı, alim Xaqani öz dövrünün bütün elmlərindən istifadə edərək onları yüksək poeziya incilərinə çevirib. Onun şeirləri eyni dərəcədə həm elm, həm də poeziyadır, ancaq o, hər şeydən öncə şair olduğuna görə onun elmi poeziyasına xidmət edib.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev çıxış edərək vurğulayıb ki, Xaqani Şirvaninin anadan olduğu yer mənbələr əsasında dəqiqləşdirilib. Xüsusi olaraq qeyd olunub ki, bir çox dərslik və ədəbiyyat tarixi kitablarında göstərildiyi kimi, Xaqani Şirvani Şamaxının Məlhəm kəndində yox, məhz özünün yazdığı kimi Şamaxı şəhərində anadan olub. Şamaxı tarixində XII əsrdə Məlhəm adlı kənd – yaşayış məskəni mövcud olmayıb.

Konfransda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında yayımlanan “Vətənim” verilişindən Xaqani Şirvaniyə həsr olunmuş parça nümayiş etdirilib, həmçinin Xaqaninin qəzəl, qəsidə və rubailərindən nümunələr səsləndirilib.  

Qabil YUSİFOĞLU
XQ

Seçilən
2
2
xalqqazeti.az

3Mənbələr