Alman müxalifəti Merts hökumətini İsraili silahlandırmaqda günahlandırıb.
“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Almaniyada Sol Partiya (Die Linke) kansler Fridrix Mertsi İsrailə silah ixrac etməklə İrandakı müharibəni qızışdırmaqda günahlandırıb.
Sözügedən partiyanın Bundestaqda deputatı Ulrix Todey Merts hökumətini İsrailə silah ixracatını dərhal dayandırmağa çağırıb:
"Hərbi-sənaye kompleksinin mənfəət maraqları nə Yaxın Şərqdə, nə də başqa yerlərdə sülhə xidmət etmir. Əksinə, onlar saysız-hesabsız insanın həyatına son qoyan və bütün millətlərin iqtisadi rifahına xələl gətirə biləcək müharibələri qızışdırırlar".
Qeyd edək ki, Almaniya Konstitusiyasına görə, müharibə zonalarına silah ixracatı qadağandır.
Almaniya Mətbuat Agentliyinin məlumatına görə, Berlin İranla müharibənin ilk həftələrində İsrailə müəyyən silahlar ixrac edib.
Belə ki, 28 fevral - 27 mart tarixləri arasında Berlin İsrailə 6,6 milyon avro (təxminən 7,78 milyon dollar) dəyərində silah ixracına icazə verib.
Almaniya İsrailin sadiq müttəfiqi olub və hökumət rəsmiləri dəfələrlə İsrailin təhlükəsizliyi üçün xüsusi məsuliyyət daşıdığını bildiriblər.