AZ

Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisinin hakim qarşısında – CİNAYƏT DOSYESİ  

Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un məlumatına görə, keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkil Sabir Abdinov vəsatətlə çıxış edib. O bildirib ki, müvəkkili Rasim Həsənov 4500 manat rüşvət almaqda ittiham olunduğu epizod ümumi ittihamdan xaric edilməlidir. Vəkilin sözlərinə görə, həmin dövrdə Rasim Həsənov Mərkəzi Hərbi Həkim Komissiyasının nə rəisi, nə də komissiyanın üzvü olub. Vəkil müvəkkilinin himayəsində azyaşlı övladının olmasını əsas gətirərək onun ev dustaqlığına buraxılmasını da xahiş edib. Dövlət ittihamçısı isə ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış mərhələsində araşdırılmasını təklif edib. Məhkəmə müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatətini təmin etməyib, digər vəsatəti isə baxılmamış saxlayaraq işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb. İbtidai istintaqla müəyyən edilib ki, Rasim Həsənov 2021–2025-ci illərdə həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilməsi və tərxis olunması üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən alıb və vəzifə saxtakarlığına yol verib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrarən, külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. İttihama əsasən, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Növbəti məhkəmə iclası aprelin 23-nə təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
3
25
musavat.com

10Mənbələr