AZ

"Latviya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rolu yüksək qiymətləndirir" - AÇIQLAMA

"Latviya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rolu yüksək qiymətləndirir" - AÇIQLAMAGələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir.

Bu barədə "Report"a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze deyib.

"Yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir", - o deyib.

Bəs görəsən bu görüşdən nələr gözlənilir?

"Latviya Prezidenti Edqars Rinkeviçsin Bakıya gözlənilən səfəri Bakı və Riqa arasındakı strateji tərəfdaşlığın yeni və daha dinamik bir mərhələyə qədəm qoyduğundan xəbər verir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu səfər sadəcə diplomatik protokol xarakteri daşımır, həm də regionda dəyişən geosiyasi reallıqlar fonunda hər iki ölkənin milli maraqlarının kəsişdiyi mühüm bir nöqtədir. Avropa İttifaqının üzvü kimi Latviya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı həlledici rolu yüksək qiymətləndirir və bu istiqamətdə əməkdaşlığı şaxələndirməkdə maraqlıdır. Xüsusilə "Yaşıl enerji" dəhlizi layihəsi çərçivəsində bərpa olunan enerji resurslarının ixracı məsələsi Riqanın diqqət mərkəzindədir.
Kənd təsərrüfatı nazirinin bu səfəri anons etməsi iqtisadi gündəliyin əsas prioritetlərindən birinin ərzaq təhlükəsizliyi və aqrar sektorda texnoloji mübadilə olacağını deməyə əsas verir. Latviya Azərbaycan vasitəsilə Mərkəzi Asiya bazarlarına çıxış imkanlarını, Azərbaycan isə Latviyanı Baltikyanı regionda öz iqtisadi varlığını gücləndirmək üçün strateji qovşaq kimi nəzərdən keçirir. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı kontekstində logistik imkanların birləşdirilməsi bu görüşün mərkəzi mövzularından biri olacaq.
Siyasi müstəvidə isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Latviya ilə Cənubi Qafqazda davamlı sülh prosesi, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir. Rinkeviçsin səfəri həm də Azərbaycan-Aİ münasibətlərindəki müəyyən həssas məqamların konstruktiv dialoq yolu ilə həllinə və ikitərəfli etimad mühitinin daha da dərinləşməsinə xidmət edəcək. Beləliklə, bu görüş həm iqtisadi diversifikasiya, həm də regional təhlükəsizlik arxitekturasının möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb edir".

Seçilən
26
sonxeber.az

1Mənbələr