AZ

"Zərifə xanım Əliyeva - zərifliyin, insanlara qayğı və diqqətin parlaq nümunəsi" - DEPUTAT

"Zərifə xanım Əliyeva - zərifliyin, insanlara qayğı və diqqətin parlaq nümunəsi" - DEPUTAT"Tarixi zənginləşdirən ən böyük faktorlardan biri də tarixi şəxsiyyətlərin yadda qalan fəaliyyətidir. Bu mənada akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində xüsusi yer tutan, fəaliyyəti ilə bu gün də cəmiyyətə yol göstərən görkəmli simalardandır.1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva erkən yaşlarından elmə maraq göstərmiş, bu maraq onu Azərbaycan Dövlət Tibb İnstitutuna gətirmişdir. 1947-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra o, həyatını tibb elminə və insanlara xidmətə həsr etmişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsini seçərək insanların görmə sağlamlığının qorunmasına böyük töhfələr vermişdir:

"O, fəaliyyətə başladığı ilk illərdən həm peşəkar həkim, həm də istedadlı tədqiqatçı kimi tanınmışdır. Xüsusilə bir vaxtlar geniş yayılmış traxoma xəstəliyinə qarşı apardığı mübarizə onun adını Azərbaycan tibb tarixində xüsusi yerə yüksəltmişdir. O, yalnız laboratoriya ilə kifayətlənməyərək bölgələrə gedir, xəstələrlə birbaşa işləyir, profilaktik və müalicə tədbirləri həyata keçirirdi. Alimin elmi fəaliyyəti bununla məhdudlaşmamışdır. Zərifə xanım Əliyeva qlaukoma, virus mənşəli göz xəstəlikləri və peşə patologiyası kimi mürəkkəb sahələrdə mühüm tədqiqatlar aparmış, sənaye mühitinin insan sağlamlığına təsirini araşdırmışdır. Bu istiqamətdə yazdığı elmi əsərlər oftalmologiya elminin inkişafında mühüm rol oynamışdır. 150-yə yaxın elmi əsərin müəllifi olan Zərifə xanım Əliyeva 1977-ci ildə tibb elmləri doktoru, 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Zərifə xanım Əliyeva həm də böyük pedaqoq idi. Onun rəhbərliyi altında yetişən həkimlər bu gün də onun elmi məktəbini davam etdirirlər. O, həkim peşəsinə yalnız bilik deyil, həm də yüksək mənəvi məsuliyyət kimi yanaşmağı aşılayırdı.
Onun fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Oftalmologiya sahəsindəki xidmətlərinə görə nüfuzlu mükafatlara layiq görülməsi Azərbaycan elminin dünyada tanıdılmasına mühüm töhfə olmuşdur. Zərifə xanım Əliyeva eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik ziyalı, sədaqətli həyat yoldaşı və qayğıkeş ana idi.
Bu ailədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi böyük dövlət xadimləri yetişmişdir.
O, ailədə və cəmiyyətdə nümunəvi insan obrazını özündə birləşdirirdi. Böyük alimin zəngin irsi bu gün də yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu irsin davamı olaraq minlərlə insana xidmət göstərir. Zərifə xanım Əliyevanın həyat yolu bir daha göstərir ki, əsl böyüklük yalnız əldə olunan nailiyyətlərlə deyil, insanlara verilən fayda ilə ölçülür. O, ömrünü insanlara nur bəxş etməyə həsr etdi və bu nur bu gün də Azərbaycan cəmiyyətini işıqlandırmaqda davam edir".

Vüsalə İbrahimli

Seçilən
14
sonxeber.az

1Mənbələr