AZ

İran böhranı Avropanı planlarından yayındırdı

Yaxın Şərqdə gərginliyin artması Avropa İttifaqının daxili iqtisadi planlarını kölgədə qoyur.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşrində jurnalist Qabriel Qeyvin tərəfindən hazırlanan məqalədə qeyd olunur.

Məqalədə bildirilir ki, aprelin 23–24-də Cənubi Kiprdə keçiriləcək Aİ liderlərinin sammiti ilkin olaraq Avropanın zəifləyən iqtisadiyyatı və 1,8 trilyon avroluq yeddiillik büdcə planının müzakirəsi üçün nəzərdə tutulmuşdu.

Lakin İran ətrafında yaranan böhran bu planları dəyişdirib və sammit “böhran idarəetməsi” formatına keçmək üzrədir. İndi əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönələcək.

İranın Hörmüz boğazında dəniz daşımalarını məhdudlaşdırması nəticəsində enerji qiymətləri artıb və bu, Avropa iqtisadiyyatına ciddi təsir göstərir. Qətər və Səudiyyə Ərəbistanı kimi iri ixracatçılarla dünya bazarını birləşdirən bu strateji marşrut artıq altı həftədir gərginlik altındadır.

Finlandiya prezidenti Aleksander Stubb bu vəziyyətin “öz-özünü yaradan qlobal resessiya”ya səbəb ola biləcəyini bildirib.

Avropa Parlamentində büdcə üzrə əsas məruzəçi Ziqfrid Mureşan qeyd edib ki, liderlərin diqqəti geosiyasi böhranlara yönəlsə də, iqtisadi məsələlər tamamilə unudulmamalıdır.

Onun sözlərinə görə, əgər büdcə üzrə qərarlar gecikərsə, 2028-ci ilin əvvəlində maliyyə mexanizmləri hazır olmayacaq və bu da planlaşdırılan ödənişlərə mənfi təsir göstərəcək.

Aİ-nin ABŞ və Çinlə rəqabət qabiliyyətini artırmaq üçün hazırladığı iqtisadi yol xəritəsi texniki baxımdan hazır olsa da, üzv dövlətlər bu mövzunu müzakirə etmək istəmir.

Aİ rəsmilərindən biri anonim olaraq bildirib ki, gündəmdə çox sayda məsələ var və hamısını müzakirə etməyə vaxt çatmır:

“Enerji və təhlükəsizlik kimi mövzular bütün diqqəti özünə çəkir”.

Avropa Şurasının prezidenti Antonio Kosta da sammitə dəvət məktubunda bildirib ki, həm geosiyasi vəziyyət, həm də büdcə məsələləri paralel şəkildə müzakirə olunacaq.

Eyni zamanda Aİ ölkələri Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditlə bağlı da qərar verməlidir. Bu paket Macarıstanın baş naziri Viktor Orban tərəfindən bloklanmışdı.

Qeyd olunur ki, Orban son seçkilərdə məğlub olub və onu əvəzləməsi gözlənilən Peter Macar bu vetodan imtina edə bilər. Lakin onun vəzifəyə başlamasına qədər məsələnin həlli gözlənilmir.

Məqalədə vurğulanır ki, Avropa İttifaqı eyni vaxtda bir neçə böhranla üz-üzə qalıb və bu, strateji qərarların qəbulunu çətinləşdirir. İran böhranı isə artıq təkcə təhlükəsizlik deyil, həm də iqtisadi gündəmi dəyişdirən əsas faktora çevrilib.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr