AZ

Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir NƏQLİYYAT EKSPERTİ

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəhər və rayion yollarında hərəkətin tənzimlənməsi üçün istifadə olunan işıqfor sistemləri müasir nəqliyyat idarəçiliyinin əsas elementlərindən biridir. Bu sistemlər nəqliyyat axınının təhlükəsiz və səmərəli şəkildə yönləndirilməsində mühüm rol oynasa da, onların tətbiqi və istismarı müxtəlif çətinliklər və müzakirə mövzuları ilə müşayiət olunur. Xüsusilə sürətlə urbanizasiya olunan ərazilərdə nəqliyyat sıxlığının artması, infrastrukturun köhnəlməsi və texnoloji yeniliklərin gec tətbiqi bu sahədə diqqət tələb edən məsələləri ön plana çıxarır.

İşıqforların idarə olunması yalnız texniki qurğuların quraşdırılması ilə məhdudlaşmır. Bu, eyni zamanda real vaxt məlumatlarının toplanması, təhlili və uyğun qərarların verilməsini əhatə edən kompleks bir prosesdir. Müasir şəhərlərdə ağıllı nəqliyyat sistemlərinin tətbiqi getdikcə genişlənsə də, bu yanaşmanın hər yerdə eyni səviyyədə tətbiq olunmaması fərqli nəticələrə səbəb olur. 

Bundan əlavə, sürücülərin davranışları, piyadaların hərəkət vərdişləri və yol mədəniyyəti kimi insan amili də svetofor sistemlərinin işləmə effektivliyində mühüm rol oynayır. Texnologiyanın nə qədər inkişaf etməsindən asılı olmayaraq istifadəçilərin qaydalara riayət etməsi və sistemə uyğun davranması ümumi nəticəyə təsir edən əsas faktorlardan biridir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, işıqforların idarə olunmasından danışılırsa, ilk növbədə şəhər mühitində piyadalarla bağlı məsələyə diqqət yetirməliyik:

“Məsələ ondadır ki, bir çox kəsişmələrdə piyada fazalarının müddəti real ehtiyaca uyğun hesablanmır. Düyməli keçid sistemləri geniş tətbiq olunmur və həssas qruplar olan yaşlılar, əlillər üçün uyğunlaşmalar kifayət qədər deyil. Halbuki, müasir şəhər planlaşdırılmasında piyada prioriteti əsas prinsiplərdən biridir. Məsələn, Bakı şəhəri ərazisində elə keçidlər var ki, orada yol çox zolaqlıdır. Məsələn, altı zolaqlı iki istiqamətli yoldur. Lakin işıqforda piyadalar üçün yaşıl işığın müddəti çox qısadır. Nəticədə piyadalar məcbur qalırlar ki, yolu qaçaraq keçsinlər. Bu isə həm təhlükə yaradır, həm də piyadalar üçün ciddi diskomfort deməkdir. Hazırda ölkəmizdə mövcud işıqforların xeyli hissəsi hələ də statik rejimdə işləyir. Yəni siqnal fazaları real vaxtda nəqliyyat axınına uyğunlaşmır. Bu, pik saatlarda tıxacların süni şəkildə dərinləşməsinə, qeyri-pik saatlarda isə sürücülərin əsassız gözləməsinə səbəb olur. Müasir nəqliyyat idarəetməsində əsas prinsip adaptivlikdir, yəni sistem vəziyyətə uyğun dəyişməlidir. Düzdür, son vaxtlar ölkədə ağıllı işıqforların quraşdırılması prosesi gedir və bu proses sürətləndirilir. Amma bu məsələ sistemli şəkildə qurulmalıdır. Ağıllı işıqfor rejimi real vaxtda nəqliyyat axınını analiz edərək siqnal fazalarına avtomatik təsir edir və tıxacların qarşısını azaldır. Bu yanaşma artıq müxtəlif ölkələrin paytaxtlarında, məsələn Londonda özünü sübut edib, İstanbulda da uğurla sınaqdan keçirilib. Bizdə də bu proses artıq başlanıb”.

Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
avtosfer.az

1Mənbələr