AZ

Restoranlarda yeni MÜBAHİSƏ: Əlavə ödəniş niyə ALINMALIDIR?

"Suya görə əlavə ödəniş tələb olunması əsaslandırılmış hesab edilmir".

Bunu Day.Az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

Samir

O, restorana əlavə məhsul ilə (misal üçün, əldə su butulkası) daxil olduqda istənilən əlavə ödənişin nə qədər düzgün olduğundan danışıb.

S.Dübəndi bildirib ki, burada dünyada yayılmış bir təcrübə mövcuddur.

"Müştəri restorana kənardan içki (şərab, araq və s.) gətirərsə, buna görə əlavə xidmət haqqı alınır. Bu ödəniş ingilis dilində düzgün olaraq "corkage fee" adlanır. Bu haqq butulkanın açılması, servis olunması, soyudulması kimi xidmətləri əhatə edir.

Müştəri, əlbəttə ki, restorana gəldikdə orada yemək yeyib sifariş verməlidir. Lakin bəzən istədiyi içki restoranda olmadığı üçün onu kənardan gətirə bilər. Bu halda bəzi restoranlar əlavə ödəniş tələb edir ki, bu da göstərilən xidmətlərlə əsaslandırılır və beynəlxalq praktikada qəbul olunmuş yanaşmadır", - deyə o bildirib.

Sədr bildirib ki, məsələ suya gəldikdə, bu yanaşma o qədər də məntiqli görünmür:

"Bir insan gün ərzində özü ilə su daşıya bilər və restorana daxil olarkən həmin sudan istifadə etməsi təbii ehtiyacdan irəli gələ bilər. Bu səbəbdən suya görə əlavə ödəniş tələb olunması əsaslandırılmış hesab edilmir.

Digər tərəfdən, bahalı içkilərə görə belə xidmət haqqının tətbiqi daha məntiqlidir. Çünki restoranlar içkiləri adətən müəyyən faizlə, yəni daha yüksək qiymətlə sataraq gəlir əldə edirlər. Müştəri kənardan içki gətirdikdə, restoran həmin qazancı itirir və buna görə "corkage fee" tətbiq edilməsi beynəlxalq təcrübədə normal sayılır", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli 

Seçilən
13
day.az

1Mənbələr