AZ

Hərbi bloqer “Voyevoda”nın intiharı ŞÜBHƏ DOĞURUR: Axtarışlar DAVAM EDİR

Hərbi bloqer “Voyevoda”nın cəsədi onun mənzilində tapılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tanınmış hərbi bloqer və Ka-52 pilotu Aleksey Zemtsovun (çağırış adı “Voyevoda”) intihar xəbəri ətrafında müəmmalı vəziyyət yaranıb.

Aprelin 15-i axşam saatlarında teleqram kanalında “vidalaşma” videoları yayımlayan bloqerin meyiti yaşadığı mənzildə tapılmayıb. Artıq 11 saatdır ki, hüquq-mühafizə orqanları onu axtarır.

Zemtsovun fərqli geyimlərdə əvvəlcədən hazırladığı videoları yayımlaması və iddiaları diqqət çəkir.

O, hərbi komandanlıq və istintaq orqanlarının ona təzyiq etdiyini, 160 min izləyicisi olan kanalındakı paylaşımlarına görə Rusiya Silahlı Qüvvələrini gözdən salmaqda ittiham olunduğunu bildirib.

Bloqer həmçinin hərbi istintaq idarəsinin fəaliyyətinin yoxlanılması üçün İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib.

Bloqerin ətrafının əksəriyyəti bu addımı auditoriyanı cəlb etmək üçün “səhnələşdirilmiş tamaşa” hesab edir.

Pilotun keçmiş həyat yoldaşı və həmkarı onu mənfi xüsusiyyətlərlə xarakterizə edərək, bu hərəkətlərin onun xarakterinə uyğun olduğunu vurğulayıblar.

Hüquq-mühafizə orqanları mənzildə heç bir cəsəd aşkar etməyib və axtarış tədbirlərini davam etdirir.

Pilotun ailə üzvləri isə onunla əlaqə saxlaya bilmədiklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr