AZ

Orxan Naqdiyev: WUF13 tikinti sektorunda innovasiya və rəqabət mühitinin gücləndirilməsi üçün yeni imkanlar açır

Bakı, 16 aprel, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma ilə yanaşı, iqtisadiyyat, tikinti sektoru və innovativ idarəetmə sahələri üçün də mühüm platforma rolunu oynayacaq.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Orxan Naqdiyev deyib. Onun sözlərinə görə, müasir şəhərlərin inkişafı artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də iqtisadi səmərəlilik, investisiya və innovasiya mühitinin düzgün qurulması ilə birbaşa bağlıdır: “Bu gün şəhərsalma prosesləri tikinti sektorunun rəqabətqabiliyyətliliyi ilə sıx bağlıdır. İnvestisiya və innovasiya fəaliyyətinin effektiv idarə olunması şəhərlərin dayanıqlı inkişafında əsas amillərdən birinə çevrilib. WUF13 bu baxımdan ölkələr arasında təcrübə mübadiləsi və yeni idarəetmə modellərinin öyrənilməsi üçün mühüm imkan yaradır”.

Elmi işində tikinti sektorunda innovativ yanaşmaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələsini araşdıran Orxan Naqdiyev qeyd edib ki, müsbət nəticə əldə etmək üçün təkcə texniki yeniliklər kifayət deyil: “Burada strateji yanaşma, innovativ idarəetmə modelləri, beynəlxalq standartlara uyğunluq və sosial məsuliyyət prinsiplərinin tətbiqi vacibdir. Sadalanan komponentlərin inteqrasiyası tikinti sektorunun davamlı inkişafını təmin edir. Bu baxımdan WUF13 çərçivəsində müzakirə olunacaq məsələlər tikinti sektoru üçün mühüm əhəmiyyət kəsb edir və ölkəmizdə aparılan quruculuq işləri ilə üst-üstə düşür. Azərbaycanda, xüsusilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti və yenidənqurma layihələri müasir yanaşmalar əsasında qurulur. Bu layihələrdə innovativ texnologiyalar, resursların səmərəli idarə olunması və uzunmüddətli iqtisadi effektivlik prioritetlər kimi çıxış edir”.

Orxan Naqdiyev əlavə edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti bu proseslərdə, həm də elmi-analitik mərkəz kimi iştirak edir: “AzMİU-da aparılan elmi tədqiqatlar və tədris proqramları tikinti sektorunun müasir çağırışlarına cavab verəcək kadrların hazırlanmasına yönəlib. Universitetin beynəlxalq əlaqələri və tərəfdaşlıqları isə bu sahədə qabaqcıl təcrübənin ölkəmizə inteqrasiyasına şərait yaradır. Hesab edirəm ki, forum həm Azərbaycan təcrübəsinin təqdim olunması, həm də yeni innovativ yanaşmaların öyrənilməsi baxımından əhəmiyyətlidir. Bu proses isə nəticə etibarilə tikinti sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına və iqtisadi inkişafın davamlılığının təmin olunmasına xidmət edəcək”.

Seçilən
16
azertag.az

1Mənbələr