AZ

Uşaq qidasından qurd çıxması iddiasına şirkətdən AÇIQLAMA

Xəbər verildiyi kimi uşaqlar üçün nəzərdə tutulmuş “Humana” qidasının içindən həşərat çıxdığı iddia olunur. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş sözügedən qidanı “Kanon” aptekdən aldığını iddia edib.

O bildirib ki, həşəratların evdə olduğunu düşünərək həmin qidadan yenisini alıb. Lakin yenə eyni mənzərə ilə üzləşib.

Məsələ ilə bağlı "Baku Kids Company" MMC şirkətindən Bizim.Media-nın sorğusuna cavab olaraq “Humana” körpə qidasında qurd aşkar edilməsi ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirilib:

"Sözügedən iddialar həqiqəti əks etdirmir. “Humana” brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakumlu qablaşdırmada istehsal olunur. Qeyd edək ki, vakumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımdan mümkün deyil. Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.

Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda – rəng və konsistensiyada dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır.

Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların isə heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir. Həmçinin bildiririk ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadığı hallarda kənar təsirlər nəticəsində bu kimi hallar yarana bilər”.

Bizim.Media

Seçilən
4
14
bizim.media

10Mənbələr