Bakı, 16 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İşğaldan azad edilən ərazilərdə tarixi abidələrin vəziyyəti” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı zamanı xalqımıza məxsus yüzlərlə tarixi, mədəni və dini abidələrin, qəbiristanlıqların dağıdıldığını, mənimsənildiyini və vandalizmə məruz qaldığını bildirib. O qeyd edib ki, hazırda azad Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrüdür. Vaxtilə düşmənin viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib. Quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir: “Azad edilmiş ərazilərimizdəki tarixi-mədəni irsimizi bərpa etmək və həqiqətləri dünyaya tanıtmaq qarşımızda duran əsas öhdəliklərdəndir. Bu prosesə elm adamları, tələbələr də öz töhfələrini verməlidirlər”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Seyran Quliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının Azərbaycanın zəngin memarlıq irsinin yerli və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın Şərq və Qərb memarlıq ənənələrinin qovşağında formalaşan unikal memarlıq məktəblərindən bəhs edib, orta əsrlərdən müasir dövrümüzədək onların inkişaf mərhələlərindən danışıb. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin inventarlaşdırılmasına 2020-ci il noyabrın 3-dən başlanılıb, 2023-cü ilin iyun ayından isə bu prosesin ikinci mərhələsi həyata keçirilir. Hazırda mədəni irs nümunələrinin qorunma mexanizmləri təkmilləşdirilir, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı inventarlaşdırma və mühafizə tədbirləri mərhələli şəkildə icra olunur. İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərində yerləşən mədəni irs nümunələrinə ciddi ziyan vurduğunu deyən Xidmətin əməkdaşı inventarlaşdırma işləri çərçivəsində 11 rayon üzrə tarixi abidələrin mövcud vəziyyətini əks etdirən fakt və vizual materialları tələbələrə təqdim edib, görülən işlərin miqyası və əhəmiyyətindən danışıb.
Sonda azad edilmiş ərazilərdə tarixi abidələrin qeydiyyata alınması və düzgün qiymətləndirilməsi prosesi ilə bağlı tələbələrin sualları cavablandırılıb.