ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Ötən gün Misli Premyer Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) oyununda maraqlı anlar yaşanıb.
Bizimyol.info xəbər verir ki, arenanı kabab tüstüsü bürüyüb.
Arenanın yaxınlığında yerləşən restoranlarda bişirilən kababın tüstüsü meydançanın bəzi hissələrini görünməz hala gətirib.
Qarşılaşmanın şərhçisi Gündüz Abbaszadə də buna biganə qalmayıb. O, kababın tüstüsü ilə yanaşı iyinin stadionu bürüdüyünü bildirib.
Ekrana düşən bu cür görüntülərdən sonra həmin ərazilərdə reydlər yoxlanışlar keçirilirmi? Belə hal təkrar olunmasın deyə cəza tətbiq olunmalıdırmı?
Yaranan suallara cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş şikayəti 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları araşdırıb: “Tovuz rayonunda keçirilən "Turan"-"Sumqayıt" futbol oyunu zamanı stadiona tüstünün və kəskin qoxunun yayılması ilə bağlı daxil olmuş şikayəti 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları araşdırıb. Araşdırma zamanı tüstü və qoxunun stadionun yaxınlığında fəaliyyət göstərən “Şah-Əsəri” şadlıq sarayında təmizləyici qurğunun işləməməsi səbəbindən yayıldığı müəyyən olunub.
Faktla bağlı şadlıq sarayının məsul nümayəndəsi Yasin Abbasovun barəsində akt və protokol tərtib olunub və o, 2500 manat məbləğində cərimə edilib. Eyni zamanda təmizləyici qurğunun işlək vəziyyətə gətirilməsi ilə bağlı məcburi tələb verilib”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.