Bakı, 16 aprel, AZƏRTAC
Vərəm hələ də dünyanın bir çox ölkələrində səssiz, amma təhlükəli şəkildə yayılmaqda davam edən yoluxucu xəstəliklərdən biridir. Tibbin inkişafına baxmayaraq, bu xəstəlik tam aradan qalxmayıb və hər il milyonlarla insan vərəmlə mübarizə aparmaq məcburiyyətində qalır.
Bəs, ölkəmizdə vərəmlə bağlı vəziyyət necədir? İnsanlar bu xəstəliklə bağlı kifayət qədər məlumatlıdırmı?
AZƏRTAC Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın mövzu ilə bağlı müsahibəsini təqdim edir.
- İradə xanım, Azərbaycanda vərəmli xəstələrlə bağlı son statistik göstəricilər nəcədir?
- Uzun illərdir vərəm sahəsində çalışıram və qürurla deyə bilərəm ki, ölkəmizdə həm ağciyər, həm də ağciyərdənkənar vərəm xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Bu, ilk növbədə yeni müayinə metodlarının tətbiqi və müasir müalicə kurslarının əlçatan olması ilə bağlıdır. Bu gün dünyada istifadə olunan demək olar ki, bütün müasir diaqnostika və müalicə üsulları dövlətimizin dəstəyi ilə ölkəmizdə də tətbiq olunur və xəstələr üçün tamamilə ödənişsizdir. Yəni həm müayinələr, həm də müalicə dövlət hesabına həyata keçirilir.
Statistik göstəricilərə gəldikdə isə, bu sahədə dəyişikliklər, adətən, uzunmüddətli dövr üzrə qiymətləndirilir. Son on ilin nəticələrinə baxdıqda görürük ki, xəstələnmə göstəricisi, yəni hər 100 min nəfərə düşən yeni vərəm halları təxminən iki dəfə azalıb. Eyni zamanda, uğurlu müalicə faizi də əhəmiyyətli dərəcədə artıb.
Ölkəmizin Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanları Xəstəlikləri Sanatoriyası uzun illərdir sümük-oynaq vərəmi olan uşaqların müalicəsi üçün fəaliyyət göstərir. Sevindirici haldır ki, bu gün Azərbaycanda sümük-oynaq vərəmi diaqnozu ilə qeydiyyatda olan uşaq xəstəsi yoxdur. Ümumilikdə isə uşaqlar arasında vərəm xəstəliyinin yayılması son illərdə dəfələrlə azalıb.
- Xəstələr, adətən, xəstəliyin hansı mərhələsində həkimə müraciət edirlər?
- Əlbəttə ki, hər bir xəstəliyin vaxtında aşkarlanması müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır. Vərəm də istisna deyil. Xəstəlik ilkin mərhələdə aşkar olunduqda daha qısa müddətdə, daha az dərman vasitəsi ilə və əlavə təsirlər minimum olmaqla tam sağalma mümkündür. Bu halda xəstə tez bir zamanda sağlam həyata qayıda bilir.
Təəssüf ki, bəzi hallarda, xüsusilə gənclər, daha çox isə gənc kişilər iş həyatını üstün tutaraq öz sağlamlıqlarına kifayət qədər diqqət ayırmırlar. Nəticədə onlar vərəmin ilkin əlamətlərini nəzərə almır və həkimə gec müraciət edirlər.
Bu səbəbdən maarifləndirmə tədbirləri çərçivəsində vərəmin ilkin simptomlarının cəmiyyətə düzgün çatdırılması olduqca vacibdir. Bu əlamətlərə iki-üç həftədən artıq davam edən öskürək, axşam və gecə saatlarında müşahidə olunan 37–38 dərəcə qızdırma, gecə tərləmələri, ümumi zəiflik, iştahasızlıq və çəki itkisi daxildir. Simptomlardan hər hansı biri müşahidə olunduqda insanlar vaxt itirmədən həkimə müraciət etməli, müayinədən keçməli və zəruri hallarda müalicəyə başlamalıdırlar.
- Hansı əhali qrupları vərəm baxımından daha çox risk altındadır?
- Vərəm xəstəliyinin inkişafı üçün vərəm mikobakteriyasının orqanizmdə aktivləşməsi əsas şərtdir. Lakin hər yoluxan insan mütləq şəkildə xəstələnmir. Xəstəliyin yaranması üçün, adətən, orqanizmdə müəyyən risk faktorlarının mövcudluğu vacibdir.
Ən həssas qrup immun sistemi zəif olan insanlardır. Bunlara immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslər, onkoloji xəstəliklərdən əziyyət çəkən və kimyaterapiya alan pasiyentlər daxildir. Eyni zamanda, zərərli vərdişləri olan – alkoqol və narkotik maddələrdən istifadə edən şəxslərdə də immunitet zəiflədiyi üçün vərəm mikobakteriyasının aktivləşmə riski artır.
Beləliklə, vərəmdən qorunmada ən vacib amillərdən biri orqanizmin immun sisteminin güclü saxlanılmasıdır.
- Son dövrlərdə tez-tez qeyd olunan antibiotiklərə davamlı vərəm nədir və nə üçün daha təhlükəli hesab edilir?
- Bəli, bu, olduqca maraqlı və aktual məsələdir. Bu gün dünyada yalnız vərəm deyil, ümumilikdə infeksion xəstəliklərin müalicəsində istifadə olunan antibiotiklərə qarşı davamlılıq problemi geniş yayılır. Əgər xəstə müalicəni düzgün və sona qədər aparmırsa, vərəm mikobakteriyasını tam məhv etmək mümkün olmur. Nəticədə bakteriya orqanizmdə qalır, mutasiyaya uğrayır və artıq uzun illərdir istifadə olunan, effektiv hesab edilən dərmanlara qarşı davamlılıq qazanır. Bu zaman daha ağır, dərmanlara davamlı vərəm forması yaranır. Belə hallarda həm diaqnostika, həm də müalicə daha mürəkkəb, uzunmüddətli və bahalı olur. Doğrudur, ölkəmizdə bu müayinələr və müalicə üsulları dövlət hesabına həyata keçirilir və xəstələr üçün əlçatandır. Lakin dərmanlara davamlı vərəmin müalicəsi daha ağır keçir, daha çox əlavə təsirlər yaradır və daha uzun zaman tələb edir. Qeyd edim ki, dərmanlara həssas vərəmin müalicəsi, adətən, 4–6 ay davam edir. Dərmanlara davamlı vərəm hallarında isə müalicə müddəti 6 aydan başlayaraq 9, 12, hətta 18 aya qədər uzana bilər. Bu səbəbdən ən vacib şərtlərdən biri müalicənin fasiləsiz və tam şəkildə, həkim nəzarəti altında başa çatdırılmasıdır.
Bu problemin digər tərəfi isə tibb işçiləri ilə bağlıdır. Bəzən xəstələr ixtisaslaşmış mütəxəssislərə, yəni ftiziatr və ya pulmonoloqlara müraciət etmirlər. Halbuki vərəmin müalicəsi mütləq nəzarətli şəkildə və bu sahə üzrə ixtisaslaşmış həkim tərəfindən aparılmalıdır. Yalnız vərəmlə məşğul olan mütəxəssis müalicə kursunun bütün mərhələlərini düzgün şəkildə idarə edə bilir.
- Vərəmlə mübarizə sahəsində gələcək hədəflər və prioritetlər nədən ibarətdir?
- Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstəliyi üzrə həm elmi, həm praktik, həm də monitorinq funksiyasını həyata keçirən əsas mərkəzdir. Burada yeni müalicə protokolları hazırlanır, normativ sənədlər tərtib olunur və ölkə üzrə bütün müvafiq tibb işçilərinə çatdırılır.
Qeyd etmək istərdim ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan bütün müasir diaqnostika və müalicə üsulları həm institutumuzda, həm də ümumilikdə ölkəmizdə tətbiq edilir və əlçatandır.
İnstitutun əsas hədəfləri ümumilikdə ölkənin səhiyyə strategiyası ilə uzlaşır. Hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə növbəti 5 il üçün milli strateji plan hazırlanır. Bu plan çərçivəsində konkret fəaliyyət istiqamətləri və qarşıya qoyulan məqsədlər müəyyənləşdirilir.
Əsas hədəf isə “End TB”, yəni vərəmə son qoyulması təşəbbüsünə uyğun olaraq Azərbaycanda vərəm epidemiyasının aradan qaldırılmasıdır. Bu, həm Səhiyyə Nazirliyinin, həm də dövlətimizin prioritet istiqamətlərindən biridir.