AZ

BMT-yə olan inam azalır -ŞƏRH

"BMT münaqişələri və müharibələri dayandırmaq qabiliyyətini itirib".

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

Redaktor.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirdi ki, Numan Kurtulmuşun bu açıqlaması və Türkiyənin sərgilədiyi mövqe mövcud reallıqlarla üst-üstə düşür:

"Hazırkı vəziyyətə nəzər saldıqda görünür ki, BMT faktiki olaraq təsirsiz, mexanizmləri işləməyən bir quruma çevrilib. Bu xüsusilə 2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra daha açıq şəkildə özünü göstərdi. Belə demək mümkündür ki, BMT mərkəzli dünya sistemi artıq arxa planda qalıb və Ukrayna müharibəsi bunu aydın şəkildə ortaya qoydu. Məlumdur ki, mövcud dünya nizamı tez-tez “köhnə dünya nizamı” kimi ifadə olunan sistem İkinci Dünya müharibəsindən sonra formalaşıb və bu sistemdə BMT əsas birləşdirici rol oynayıb. Yəni dünya nizamı böyük ölçüdə BMT üzərindən qurulmuşdu. Lakin 2020-ci ildən sonra baş verən proseslər, xüsusilə 2022-ci ildən etibarən Ukrayna müharibəsinin davamı fonunda artıq yeni dünya nizamının formalaşması haqqında danışılır".

Asif

Müsahibimizin sözlərinə görə, beynəlxalq münasibətlər sistemində yeni güc balansı yaranır və qlobal təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir:

"Bu şəraitdə köhnə sistemə ehtiyacın azalması və ya onun məqsədyönlü şəkildə kənarlaşdırılması ehtimalı artır. Nəticə etibarilə, BMT-nin təsir imkanlarının zəiflədiyi müşahidə olunur. Bu məsələ daha əvvəl də Türkiyə rəhbərliyi tərəfindən dəfələrlə gündəmə gətirilib. Eyni zamanda Azərbaycan rəhbərliyi də BMT-nin mexanizmlərinin gücləndirilməsi və daha effektiv hala gətirilməsi ilə bağlı təkliflər irəli sürüb. Ümumilikdə belə bir qənaət formalaşır ki, BMT-nin mövcud vəziyyəti davam edərsə, təşkilatın təsir gücü daha da azalacaq".

Şərhçinin fikrincə, Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlişindən sonra irəli sürdüyü alternativ təşəbbüslər, o cümlədən sülh mexanizmləri ilə bağlı ideyalar, yeni dünya nizamında köhnə sistemin əvəzlənməsi istiqamətində addımlar kimi qiymətləndirilə bilər:

"Bu cür təşəbbüslərin ortaya çıxması da göstərir ki, BMT artıq əvvəlki funksionallığını itirməkdədir və müəyyən mənada köhnəlmiş struktur kimi qəbul olunur. Bu baxımdan, BMT-nin gələcək fəaliyyətinin təmin olunması üçün yeganə çıxış yolu ciddi islahatların aparılmasıdır. Xüsusilə BMT Təhlükəsizlik Şurasında dəyişikliklər zəruri hesab olunur. Hazırda beş daimi üzvdən ibarət olan bu qurum veto hüququ vasitəsilə qlobal siyasətə təsir göstərir və çox vaxt qərarlar məhz bu ölkələrin maraqları çərçivəsində formalaşır. Bu isə digər dövlətlərdə narazılıq yaradır və BMT-nin obyektivliyinə kölgə salır.

Belə vəziyyət təşkilatın qlobal sülh və təhlükəsizliyin təminatçısı rolundan uzaqlaşaraq daha çox müəyyən dövlətlərin siyasi maraqlarına xidmət edən quruma çevrildiyi fikrini gücləndirir. Nəticədə isə BMT-yə olan inam azalır".

A.Nərimanlı əlavə etdi ki, problemin həlli üçün Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və daha inklüziv mexanizmlərin yaradılması vacibdir:

"Məsələn, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərdən biri Qoşulmama Hərəkatı və ya İslam Əməkdaşlıq Təşkilatı kimi böyük qurumların Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinin təmin olunmasıdır. Bu, həmin təşkilatlara üzv olan çoxsaylı ölkələrin də qərarvermə prosesində dolayısı ilə iştirakını təmin edə bilər. Yekun olaraq demək olar ki, yalnız bu cür islahatlar vasitəsilə BMT-nin nüfuzunu və effektivliyini qorumaq mümkündür. Əks halda, təşkilatın qlobal siyasətdə və geosiyasi proseslərdə rolu getdikcə azalacaq və o, tədricən kənarlaşdırılan quruma çevriləcək".

Xədicə BAXIŞLI

Seçilən
14
1
redaktor.az

2Mənbələr