"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu başlayıb.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlama verib.
R.Nurəliyevin sözlərinə görə, dövlət proqramı Azərbaycan gənclərinin xaricdə təhsil imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: Azərbaycan gənclərinin xarici ali təhsil müəssisələrində dövlət proqramı çərçivəsində təhsil alması ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş mühüm təşəbbüslərdən biridir və bu gözəl ənənə cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildiyiniz kimi, hazırda 2022–2028-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində gənclərimiz xarici ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edirlər və bütün xərclər dövlət tərəfindən qarşılanır.
Ramin Nurəliyev bildirib ki, müraciətlərin qiymətləndirilməsi xüsusi komissiya tərəfindən ciddi şəkildə həyata keçirilir: Təxminən beş yüzə yaxın bakalavriat, magistratura və doktorantura pillələri üzrə müraciətlər Elm və Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən yoxlanılır. Dövlət proqramına qəbul olunan gənclər xarici ali təhsil müəssisələrində təhsillərini bu proqram çərçivəsində davam etdirirlər. Bu, həqiqətən də çox gözəl və strateji əhəmiyyət daşıyan bir təşəbbüsdür.
Ekspert vurğulayıb ki, proqramın əsas məqsədi beynəlxalq təcrübənin ölkəyə gətirilməsidir: Burada əsas məqsəd gənclərimizin xarici ali təhsil müəssisələrində təhsil alaraq beynəlxalq təcrübəni Azərbaycana gətirməsidir. Çünki həmin gənclər təhsillərini başa vurduqdan sonra müqavilədə göstərilən müddət ərzində Azərbaycanda əmək fəaliyyətinə cəlb olunurlar və onların ayrıca iş axtarmasına ehtiyac qalmır. Bu da proqramın ən böyük üstünlüklərindən biridir.
Təhsil eksperti qeyd edib ki, seçim zamanı qəbul və ixtisas uyğunluğu əsas meyarlardandır: Yoxlama komissiyası əsasən gənclərin dövlət proqramı çərçivəsində təsdiq edilmiş xarici ali təhsil müəssisələrinə və ixtisaslara qəbul almalarına diqqət yetirir. Yəni gənclər dövlət tərəfindən təqdim olunan siyahıda yer alan universitetlərə və ixtisaslara müraciət edib qəbul aldıqdan sonra dövlət təqaüdü üçün proqram çərçivəsində müraciət edirlər.
R.Nurəliyevin fikrincə, beynəlxalq imtahan nəticələri və müsahibə mərhələsi mühüm rol oynayır: Eyni zamanda, komissiya namizədlərin SAT, IELTS, TOEFL və digər beynəlxalq imtahan nəticələrini, həmçinin fənn olimpiadalarında əldə etdikləri nailiyyətləri nəzərə alır. Bununla yanaşı, xüsusi müsahibə mərhələsi də həyata keçirilir və namizədlərin bilik, bacarıq və potensialı bu mərhələdə qiymətləndirilir.
Ekspert bildirib ki, proqramın ən böyük üstünlüyü bütün xərclərin dövlət tərəfindən qarşılanmasıdır: Bu proqramın əsas üstünlükləri ondan ibarətdir ki, təhsil haqqı, yol xərcləri, yaşayış, nəqliyyat və qidalanma xərcləri tam şəkildə dövlət tərəfindən qarşılanır. Eyni zamanda, təhsili başa vurduqdan sonra Azərbaycana qayıdan məzunların işlə təmin olunması proqramın ən mühüm üstünlüklərindən biridir. Bundan əlavə, xaricdə əldə olunan təcrübənin ölkəmizdə tətbiq edilməsi və bu biliklərin dövlətin inkişafına yönləndirilməsi də proqramın əsas məqsəd və üstünlükləri sırasında yer alır.
Ramin Nurəliyev diqqətə çatdırıb ki, proqramda ciddi çatışmazlıq müşahidə olunmur: Mövcud çatışmazlıqlara gəldikdə isə, hesab edirəm ki, dövlət bu istiqamətə kifayət qədər diqqət və qayğı göstərir. Ümumilikdə ciddi çatışmazlıq müşahidə olunmur. Bəzi hallarda müsahibə mərhələsi ilə bağlı müəyyən narazılıqlar səsləndirilir. Lakin təbii ki, nailiyyətləri daha yüksək olan və müsahibədə özünü daha yaxşı təqdim edən gənclərin seçilməsi həyata keçirilir.
Ekspert vurğulayıb ki, proqram karyera inkişafı üçün mühüm imkanlar yaradır: Karyera inkişafı və əldə olunan biliklərin ölkədə tətbiqi baxımından bu proqramın rolu olduqca böyükdür. Xarici ali təhsil müəssisələrində təhsil alan gənclər, xüsusilə də nüfuzlu universitetlərin məzunları, qazandıqları bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkənin inkişafına mühüm töhfə verirlər.
R.Nurəliyevin sözlərinə görə, bu təşəbbüs ölkənin rəqabət qabiliyyətini artıracaq: Bu təşəbbüs yaxın gələcəkdə Azərbaycanın təhsil və kadr potensialı baxımından inkişaf etmiş ölkələrlə müəyyən qədər rəqabət aparmasına da şərait yaradacaq. Çünki ölkəmizdə istedadlı gənclər kifayət qədərdir və onların xaricdə təhsil alaraq geri qayıtması, əldə etdikləri təcrübəni burada tətbiq etməsi dövlətin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Ekspert qeyd edib ki, proqram artıq real nəticələr verməkdədir: Bu gün həm dövlət qurumlarında, həm də özəl sektorda dövlət proqramı çərçivəsində xaricdə təhsil almış gənclərin sayı kifayət qədərdir. Bu da onu göstərir ki, proqram öz məqsədinə uğurla xidmət edir.
Ramin Nurəliyev bildirib ki, insan kapitalı dövlətin ən vacib resursudur: Burada əsas məsələlərdən biri insan kapitalıdır. Cənab Prezidentin çox dəyərli bir ifadəsi var: “Yeraltı sərvətlər müəyyən müddət ərzində tükənə bilər, lakin insan kapitalı heç zaman tükənməz.” Bu fikir insan kapitalının dövlət üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərir.
Ekspert vurğulayıb ki, əmək bazarında peşəkar kadrlara ehtiyac daim aktualdır: Əmək bazarında peşəkar insan kapitalına ehtiyac hər zaman mövcuddur və dövlət bu istiqamətdə daim diqqət və qayğı göstərir. Gənclərimiz də bu fürsətdən maksimum istifadə etməlidirlər. Xaricdə təhsil aldıqdan sonra əldə etdikləri bilik və təcrübəni Azərbaycanda tətbiq etmələri, dövlətimizin inkişafına töhfə vermələri olduqca önəmlidir.
R.Nurəliyevin fikrincə, dövlət məzunlara hər mərhələdə dəstək göstərir: Həm təhsil müddətində, həm də ölkəyə qayıtdıqdan sonra dövlət tərəfindən onlara lazımi dəstək göstərilir. Xüsusilə məzun olduqdan sonra əmək fəaliyyətinə cəlb olunmaları istiqamətində mühüm addımlar atılır.
Ekspert qeyd edib ki, gənclər bu fürsətdən mütləq yararlanmalıdırlar: Mən hesab edirəm ki, gənclərimiz bu fürsətdən mütləq istifadə etməlidirlər. Çünki bu proqramın əsas məqsədlərindən biri yüksək ixtisaslı, peşəkar və keyfiyyətli kadrların hazırlanmasıdır. Dövlət hər zaman öz sahəsini mükəmməl bilən mütəxəssislərin formalaşmasında maraqlıdır.
Ramin Nurəliyev sonda bildirib ki, bu addım ölkənin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır: Gələcəkdə bu kadrların həm dövlət qurumlarında, həm də özəl sektorda fəaliyyət göstərməsi ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, xüsusilə kadr hazırlığı istiqamətində atılan bu addım təqdirəlayiqdir.
Fatimə Nəbiyeva