AZ

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Ali Məhkəmə boşanma sonrası valideynlərin uşaqla ünsiyyət hüququnun pozulması ilə bağlı mühüm qərar açıqlayıb. Qərara əsasən, valideyn və uşaqların şəxsiyyət hüquqlarının pozulması hallarında mənəvi zərər tələbi irəli sürmək mümkün olacaq. 

Bildirilir ki, uşaqla ünsiyyətin məhdudlaşdırılması, valideyn hüquqlarından sui-istifadə və digər oxşar hallar mənəvi zərər kimi qiymətləndirilir. Belə vəziyyətlərdə zərərçəkən tərəf məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilər. 

Ali Məhkəmənin Plenum qərarına əsasən, boşanmadan sonra uşağın digər valideynlə görüşünə mane olan tərəf mənəvi zərəri ödəməli ola bilər. Eyni zamanda, aliment öhdəliklərinin yerinə yetirilməməsi də şəxsiyyət  hüquqlarının pozulması kimi qiymətləndirilir. 

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, qanunvericilikdə valideynlərin uşaqla ünsiyyət hüququ açıq şəkildə təsbit olunub:

"Boşanmadan sonra əksər hallarda uşaq ananın yanında qalır, bəzən isə əksinə olur. Hər bir halda uşaq digər valideynlə də təmasda olmalıdır. Əgər bu baş vermirsə, valideyn məhkəməyə müraciət edərək həftədə bir və ya iki gün uşaqla görüş hüququ əldə edə bilər. Lakin əsas problem bu qərarların icrası ilə bağlıdır. Bəzən ana bildirir ki, uşaq atası ilə görüşmək istəmir. İcra məmurları isə uşağı zorla görüşə apara bilmir".

Əkrəm Həsənovun sözlərinə görə, bu məsələ Azərbaycanda ciddi problemlərdən biridir:

"Avropa ölkələrində belə hallara az rast gəlinir. Orada boşanmadan sonra uşaqlar hər iki valideynin himayəsində qalır və növbəli şəkildə onların yanında yaşayır. Azərbaycanda isə bəzən valideynlər bu vəziyyətdən qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edirlər. Bu, həm psixoloji, həm də hüquqi baxımdan problemlər yaradır".

Ekspert hesab edir ki, yeni qərar valideynlər arasında balansın qorunmasına və uşaqların hüquqlarının daha effektiv müdafiəsinə xidmət edə bilər. 

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr