AZ

"Mövcud vəziyyətdə belə bir dövlət müdaxiləsini zəruri edəcək qədər kritik şərait müşahidə olunmur" - AÇIQLAMA

"Mövcud vəziyyətdə belə bir dövlət müdaxiləsini zəruri edəcək qədər kritik şərait müşahidə olunmur" - AÇIQLAMASon dövrlərdə kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların sayı artdıqca, kredit şərtlərinin dəyişdirilməsi məsələsi də aktuallaşır. Xüsusilə iqtisadi dalğalanmalar, gəlirlərin azalması və gözlənilməz maliyyə çətinlikləri fonunda borcalanlar daha əlverişli şərtlər axtarır. Bu isə "kreditlərin restrukturizasiyası" anlayışını yenidən gündəmə gətirir. Bəs, kredit şərtləri hansı hallarda dəyişdirilə bilər və bu proses borcalan üçün nə dərəcədə əlçatan hesab olunur?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.

O, açıqlamasında qeyd edib ki, kredit şərtləri bağlanmış müqavilələr çərçivəsində dəyişdirilə bilməz:

"Yalnız fors-major hallarda bu şərtlərə yenidən baxılması mümkündür. Bu baxımdan vətəndaşlar da diqqətli olmalı, bankların müqavilə öhdəliklərini əsassız şəkildə dəyişdirməsinə imkan verməməlidirlər.

Eyni zamanda, yeni bağlanan müqavilələrdə kredit şərtlərinin sərtləşdirilməsi ehtimalı istisna olunmur. Mərkəzi Bank bu istiqamətdə ilkin monitorinqlər aparır və əsas məqsəd problemli kreditlərin artıb-artmadığını müəyyənləşdirməkdir. Əgər artım müşahidə olunarsa, bunun səbəbləri araşdırılır və qarşısının alınması üçün müvafiq addımlar nəzərdən keçirilir.

Hazırda tez-tez gündəmə gətirilən kreditlərin restrukturizasiyası məsələsi isə o qədər də real görünmür. Belə ki, bankların öz vəsaitləri hesabına kreditləri təxirə salması və ya silməsi ehtimalı çox aşağıdır. Bu cür addımlar yalnız dövlət proqramları çərçivəsində həyata keçirilə bilər.

Mövcud vəziyyətdə isə belə bir dövlət müdaxiləsini zəruri edəcək qədər kritik şərait müşahidə olunmur. Bu səbəbdən də yaxın perspektivdə kreditlərin genişmiqyaslı restrukturizasiyası ilə bağlı hər hansı ciddi addımın atılması gözlənilmir".

Vüsalə İbrahimli

Seçilən
18
sonxeber.az

1Mənbələr