AZ

Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Nicat Nağızadə: Qərbi Azərbaycanın adı çəkiləndə Məhərrəm kövrəlirdi

ain.az, Bizimyol saytına istinadən bildirir.

Bu gün hərbi jurnalist Məhərrəm İbrahimovun doğum günüdür. O, 2004-cü ildə Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir, 2007-ci ildən isə aparıcı müxbir kimi çalışıb. Təxminən 20 il ərzində ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də, cəbhə xəttindən operativ xəbərləri işıqlandırıb. 2016-cı il Aprel döyüşlərindən və Tovuz döyüşlərində, həmçinin İkinci Qarabağ müharibəsi zamanı ən qaynar nöqtələrdən reportajlar hazırlayaraq hərbi jurnalist kimi tanınıb. 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Məhərrəm İbrahimovla ilk tanışlığından danışan, onunla bağlı xatirələrini bölüşən Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Nicat Nağızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məhərrəmlə bağlı ən maraqlı hadisə Qubadlı rayonunda olub: “2021-ci ilin yanvarın 14-də başqa bir operatoru əvəz edərək AzTV-dən Qarabağ bölgəsinə ezam olundum. Biz Ağdamda çəkilişlər aparır, Bərdədə qalırdıq və hər gün eyni maşınla gedib-gəlirdik. Məhərrəmin çox yaxşı yoldaşlığı var idi. Təxminən 6 ay onunla birlikdə orada çəkilişlər etdik. Məhərrəmlə bağlı ən maraqlı hadisə Qubadlı rayonunun Davudlu və Eyvazlı kəndləri ilə bağlıdır. Yolun sağ tərəfində Eyvazlı, sol tərəfində isə Davudlu kəndi yerləşir. Bu iki kəndi ayıran yol Gorus-Qafan yoludur. O vaxt hələ 2021-ci ildə Gorus-Qafan yolu işlək idi və biz həmin yola çıxmışdıq. Məhərrəm qışqıra-qışqıra gedir, “ura” deyə irəliləyirdi. "Çatırıq İrəvana, çatırıq İrəvana” deyirdi. O görünütü məndə hələ də var. Məhərrəm Qərbi Azərbaycandan idi və həmişə Qərbi Azərbaycanın adı çəkiləndə kövrəlirdi.

Bir dəfə Ağdamın Papravənd kəndində gəzirdik. Hər yer dumanlı idi. Məhərrəm həmişə minaya düşməkdən qorxur, ehtiyat edirdi və mənə deyirdi: “Yoldan kənara çıxma, minaya düşərik”. Mən isə bəzən evlərin içinə girib, çəkirdim. O isə qışqıraraq: “Getmə, minaya düşəcəyik” deyirdi. Onun minaya qarşı bir qədər fobiyası var idi. Həmişə deyirdi: “Nədənsə elə bilirəm minaya düşəcəm”.

Başqa operator yoldaşım Sırac Abışovla da bir videogörüntümüz var. Yusifcanlıda çəkilişdə, ikimiz qabaqda gedirdik. Orda Sıracın bir sözü var: "Gedirik, qismət olsa qayıdacağıq”.

Yadımdadır, Qubadlının Aşağı Mollu kəndində, çayın kənarında yemək yeyirdik. Məhərrəmin arzusu var idi, demişdi: "İnşallah, biz Gorusda, Qafanda çəkiliş edəndə, həmin mənzərəni orada da yaradarıq.”

...Ancaq Məhərrəm İbrahimov bu arzusuna çatmamış dünyasını dəyişdi; minaya düşərək şəhid oldu. Allah Məhərrəm İbrahimova və bütün şəhidlərimizə rəhmət eləsin!”

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr