AZ

Aqressiv xərçəng zamanı ömrü uzatmağın yolu tapıldı

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mədəaltı vəzi xərçəngi olan xəstələrin ömrünü uzada biləcək yeni bir preparat hazırlayıblar. Bu xəstəlik yüksək aqressivliyi ilə seçilir və çox vaxt gec mərhələlərdə aşkarlanır. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Araşdırmaya xəstəliyin yayılmış formasından əziyyət çəkən 233 pasiyent cəlb edilib. Bir qrup xəstə standart kimyaterapiya alıb, digər qrup isə eyni müalicə protokolunu elraqllusib adlı eksperimental preparatla birlikdə qəbul edib.

Nəticələr sağqalım göstəricilərində nəzərəçarpacaq fərq göstərib. Müalicənin başlanmasından bir il sonra yeni preparatın tətbiq edildiyi qrupda xəstələrin 44 faizi sağ qaldığı halda, standart terapiya alan qrupda bu göstərici 22 faiz olub. Orta ömür müddəti də artıb: elraqllusib ilə müalicə alanlarda təxminən 10 ay, standart müalicədə isə 7 ay təşkil edib.

Bəzi xəstələrdə effekt daha da güclü olub. Elraqllusib qəbul edənlərin təxminən 13 faizi iki il yaşayıb, standart müalicə qrupunda isə bu göstərici qeydə alınmayıb.

Tədqiqatçılar preparatın təsirini onun immun sisteminə təsiri ilə izah edirlər. Elraqllusib şişin immun cavabdan “gizlənməsinə” kömək edən zülalı bloklayır və bununla da orqanizmin xərçəng hüceyrələri ilə daha effektiv mübarizə aparmasına imkan yaradır.

Müəlliflər vurğulayırlar ki, bu nəticələr ilkin mərhələyə aiddir və qəti nəticələr üçün daha geniş miqyaslı tədqiqatlara ehtiyac var. Buna baxmayaraq, əldə olunan məlumatlar ümidverici hesab olunur və xərçəngin müalicəsində yeni yanaşmaların inkişafı üçün əhəmiyyətli ola bilər.

Samir
 

Seçilən
27
hit.az

1Mənbələr