BAKI, 16 aprel. TELEQRAF
İsrailin baş naziri Benyamin Netanyahu Livanla tarixi sülh sazişi bağlamaq imkanı yarandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, B.Netanyahu yaydığı videomüraciətdə bu sözləri deyib: "Bizim Livanla tarixi sülh sazişi bağlamaq imkanımız var. ABŞ Prezidenti Donald Tramp məni və Livan Prezidenti Joseph Aunu Vaşinqtona dəvət etmək niyyətindədir”.
İsrail hökumətinin başçısı əlavə edib ki, Livanla sülh sazişinin bağlanması üçün 10 günlük müvəqqəti atəşkəsə razılıq verib.
Netanyahu eyni zamanda İsrailin şiə hərəkatı Hizbullahın silahsızlaşdırılması tələbində israrlı olduğunu bir daha vurğulayıb.
O qeyd edib ki, İsrail ordusu Livanın cənubunda yaradılan “gücləndirilmiş təhlükəsizlik zonası”nda mövqelərini qoruyub saxlayacaq.
“Bu, əvvəlki kimi beş nöqtə deyil. Bu, dənizdən başlayaraq Suriya sərhədinə qədər uzanan, eni 10 kilometr olan təhlükəsizlik zonasıdır və əvvəlkindən daha güclü və etibarlıdır”, - deyə Netanyahu əlavə edib.