AZ

Maskdan “universal yüksək gəlir” ÇAĞIRIŞI: Süni intellekt işsizlik riskini ARTIRIR

Elon Mask süni intellekt və robot texnologiyalarının inkişafı fonunda iş yerlərinin azalması riskinə diqqət çəkərək hökumətlərin yeni sosial dəstək mexanizmləri yaratmalı olduğunu bildirib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, işini itirən şəxslərə birbaşa federal ödənişlər edilməsini və "universal yüksək gəlir" modelinin tətbiqini təklif edib.

Maskın fikrincə, gələcəkdə süni intellektin yaratdığı istehsal gücü bu cür ödənişləri maliyyə baxımından mümkün edə bilər.

Milyarderin təklifinə əsasən, dövlət tərəfindən vətəndaşlara müntəzəm ödənişlər həyata keçirilməli, bu isə avtomatlaşdırma nəticəsində yaranan işsizlik problemlərini yumşaltmalıdır.

O, eyni zamanda süni intellekt və robot texnologiyalarının iqtisadiyyatda elə böyük artım yaradacağını, bunun inflyasiya təzyiqi formalaşdırmayacağını iddia edib. Lakin iqtisadçılar bu yanaşmanın real mexanizmləri və maliyyələşmə modeli barədə sualların açıq qaldığını bildirirlər.

Maskın açıqlamaları həm də müzakirələrə səbəb olub: tərəfdarlar bunu gələcək əmək bazarına hazırlıq kimi qiymətləndirir, tənqidçilər isə dövlət büdcəsindən genişmiqyaslı ödənişlərin iqtisadi risklər yaradacağını vurğulayır.

Rəsmi qurumlar isə hələlik bu ideya ilə bağlı hər hansı mövqe bildirməyib və təşəbbüs müzakirə mərhələsində qalır.

Seçilən
8
day.az

1Mənbələr