Bu gün, 17 aprel tarixində Yer kürəsində orta güclü - G2 səviyyəli maqnit qasırğasının başlayacağı gözlənilir.
Day.Az xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə Günəş küləyinin sürəti normal səviyyədə olub və geomaqnit aktivlik sakit keçib. Lakin Günəşdəki koronal dəlikdən gələn yüksək sürətli axın səbəbindən Günəş küləyinin sürəti artacaq və bu, maqnit sahəsində pozuntular yaradacaq.
Alimlər bildirirlər ki, böyük ölçülü koronal dəlik səbəbindən maqnit qasırğasının təsiri 18 aprelədək davam edə bilər. Hazırda vəziyyətin nə vaxt tam sabitləşəcəyi dəqiq məlum deyil.
Mütəxəssislərin sözlərinə görə, G2 səviyyəli maqnit qasırğaları orta güclü hesab olunur və əsasən texniki sistemlərə və insan sağlamlığına təsir göstərə bilər. Bu günlərdə GPS və radio rabitəsində nasazlıqlar, eləcə də peyk sistemlərində qısa fasilələr yarana bilər. Yüksək enliklərdə isə qütb parıltılarının müşahidə olunması mümkündür.
Həkimlər maqnit qasırğası dövründə bəzi insanlarda baş ağrısı, halsızlıq, təzyiq dəyişməsi və yuxu pozuntusu kimi əlamətlərin yarana biləcəyini bildirirlər. Xüsusilə yaşlılar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə daha diqqətli olmaq tövsiyə olunur.
Mütəxəssislər bu günlərdə daha çox istirahət etməyi, stressdən uzaq durmağı, kifayət qədər su içməyi, kofeini azaltmağı və ağır fiziki yüklənmədən çəkinməyi məsləhət görürlər.