Bakı, 17 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən bu ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Dövlət Xidməti tərəfindən yanvar-mart ayları ərzində 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 79,8 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 141-i qeyri-yaşayış, 1127-si torpaq sahələri üzrə olmaqla 1268 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 13,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 93,6 milyon manat vəsait daxil olub.