AZ

İrandan sonra növbə Kubaya çatır? - ABŞ-ın kəşfiyyat dronu Havana üzərində saatlarla dövrə vurdu

ABŞ hərbi dəniz qüvvələrinə məxsus MQ-4C Triton pilotsuz uçuş aparatı Karib hövzəsində, xüsusilə Havana və Guantanamo ətrafında 12 saatdan artıq davam edən kəşfiyyat missiyası həyata keçirib.

Musavat.com xəbər verir ki, açıq mənbələrdə yayılan uçuş izləmə məlumatları dronun bölgədə intensiv monitorinq apardığını göstərir. OSINT (açıq mənbə kəşfiyyatı) məlumatlarına görə, ABŞ-a məxsus bu yüksək hündürlüklü aparat Kubanın sahil xətti boyunca beynəlxalq hava məkanında dövrə vuraraq genişmiqyaslı müşahidələr aparıb. Uçuş marşrutu əsasən Karib dənizi və ABŞ-ın regiondakı strateji nöqtələri üzərindən keçib.

Məlumatlarda bildirilir ki, aparat xüsusilə Havana yaxınlığında “dayanaraq” müşahidə aparıb, daha sonra isə Quanatanamo körfəzi ətrafını izləyib. Bəzi izləmə platformaları dronun Florida boğazı üzərində, Kubadan təxminən 50 km məsafədə fəaliyyət göstərdiyini qeydə alıb. Hazırda ABŞ rəsmiləri tərəfindən bu konkret uçuşla bağlı rəsmi açıqlama verilməyib. Lakin bu tip uzunmüddətli kəşfiyyat uçuşları adətən hərbi-siyasi proseslər fonunda həyata keçirilir və nadir hallarda şərh olunur.
İran ssenarisi təkrarlanır?

Son dövrlərdə ABŞ-ın Yaxın Şərqdə, xüsusilə İrana qarşı sərt ritorikası və hərbi aktivliyi fonunda bu cür addımlar diqqətdən yayınmır. Analitiklər hesab edir ki, Vaşinqton əvvəlcə kəşfiyyat və müşahidə mərhələsini gücləndirir, daha sonra isə siyasi və ya hərbi təzyiq alətlərini işə salır. Kubaya yaxın ərazilərdə belə intensiv monitorinq isə suallar doğurur. ABŞ regionda mümkün riskləri ölçür, yoxsa yeni bir gərginliyin əsasını qoyur?

Triton Kubada nə axtarır?

WhatsApp

MQ-4C Triton ABŞ hərbi dəniz qüvvələrinin ən müasir strateji pilotsuz kəşfiyyat vasitələrindən biridir. Bu aparat 15 kilometrdən çox yüksəklikdə 30 saata qədər fasiləsiz uçuş edə bilir, geniş əraziləri real vaxtda izləyir və xüsusilə dəniz və sahil zonalarında kəşfiyyat üçün nəzərdə tutulub. Belə texnologiyanın Kubaya yaxın ərazilərdə uzun müddət fəaliyyəti təsadüfi sayılmır. Bu, həm hərbi obyektlərin, həm də dəniz nəqliyyatının və potensial təhlükələrin izlənməsi anlamına gəlir. Karib hövzəsi uzun illərdir böyük güclərin diqqətində olub. Lakin son müşahidələr göstərir ki, region yenidən qlobal qarşıdurmanın mümkün nöqtələrindən birinə çevrilir. İrandan sonra növbənin Kubaya çatıb-çatmayacağı hələ ki, açıq sualdır. ABŞ bölgədə vəziyyəti diqqətlə izləyir və bu cür uçuşlar mümkün ssenarilərin artıq masada olduğunu göstərir.

Xatırladaq ki, ABŞ-İsrail cütlüyü İrana hücumdan bir neçə gün əvvəl – bu il fevralın 25-də Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazasından havaya qalxan MQ-4C Triton pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirmişdi. Məlumatlara görə, PUA İran sərhədlərinə yaxın bölgədə dəniz müşahidə missiyası həyata keçirmişdi. Hörmüz üzərində uçuş zamanı aparat “7700” fövqəladə kodunu ötürüb və bundan sonra radar izləməsindən çıxıb. Bu kod aviasiyada ümumi təhlükə və fövqəladə vəziyyət siqnalı kimi istifadə olunur.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
61
musavat.com

1Mənbələr