
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğulayıb.

Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək dedi: “Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir”.

Qeyd edək ki, Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək"dir. Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.

Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.



