AZ

Azərbaycanın ən böyük və kiçik bankları – MƏLUM OLDU - MƏBLƏĞLƏR

Azərbaycanda aktivlərinin həcminə görə ən böyük və kiçik banklar məlum olub. 

FED.az biznes və maliyyə xəbərləri portalı FED.az RENKİNQ-in hesablamalarına istinadən xəbər verir ki, 2026-cı ilin 1-cü rübünün yekunları üzrə ölkənin ən böyük bankı - bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankıdır. Rübün sonuna ABB-nin aktivlərinin həcmi 14 milyard 310 milyon manat təşkil edir. Aktivlərin həcminə görə, 2-ci pillədə bank sektorunun liderlərindən olan «Kapital Bank» dayanır – 11,8 milyard manat. «Paşa Bank» 9 milyard manatlıq aktivlərdə ilk 3-lüyü qapayır. 

Son bir ildə bankların aktiv həcmi üzrə renkinqində yerlər dəyişməyib. 

Ölkənin ən kiçik bankları da bir il əvvəl olduğu kimidir – cədvəlin sonunda İran Milli Bankının Bakı filialına «Bank Avrasiya» qonşuluq edir. 

Bu bankların aktivləri müvafiq olaraq 121 milyon manat və 214 milyon manatdır. Son bir ildə İran bankının aktivləri 1 milyon manat, «Bank Avrasiya»nın aktivləri isə 18 milyon manat artsa da, cədvəlin son pilləsindən çıxa bilməyiblər. 

2026-cü ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 1 bankın aktivləri 3 milyard manatdan artıqdır – «Xalq Bank», bu göstəricidə son bir ildə dəyişiklik yoxdur. 3 bankın aktivləri isə 2 milyard manatdan artıqdır, bunlar «Bank Respublika» (2,6 milyard manat), «Azər Türk Bank» (2,2 milyard manat) və «Unibank»dır (2,2 milyard manat). Bir il əvvəl aktivləri 2 milyard manatdan artıq olan cəmi bir bank vardı – «Bank Respublika». 

Ümumilikdə 2026-cı ilin 1-ci rübünün nəticələrinə görə, ölkədə 12 bankın aktivləri 1 milyard manatdan artıqdır. Bir il əvvəl  milyardlıq bankların sayı 11 idi. 

  

Seçilən
33
3
fed.az

4Mənbələr