AZ

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

 “Müasir dünya getdikcə daha mürəkkəb və parçalanmış geosiyasi reallıqla üz-üzədir. Rusiya-Ukrayna müharibəsi, ABŞ–İran gərginliyi və Yaxın Şərqdə davam edən qeyri-sabitlik beynəlxalq təhlükəsizlik arxitekturasını sarsıdır. Məhz belə bir dövrdə Antalya Diplomatiya Forumu yalnız diplomatik tədbir deyil, yeni qlobal dialoq mərkəzi kimi çıxış edir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, Antalya forumu artıq sadəcə konfrans məkanı deyil. “O, qlobal güclər arasında dialoqun alternativ platformasına çevrilərək, beynəlxalq münasibətlər sistemində yeni “yumşaq güc” mərkəzinin formalaşdığını nümayiş etdirir. Bu forum vasitəsilə regional aktorlar qlobal proseslərə təsir imkanlarını genişləndirir və yeni diplomatik oyun qaydaları formalaşdırırlar”, - deputat vurğulayıb.

Azərbaycanın diplomatik xətti: sülh gündəliyi və regional liderlik

Deputat əlavə edib ki, Forum çərçivəsində Azərbaycan tərəfindən verilən mesajlar aydındır və strateji məntiqə əsaslanır: “Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışlarında səslənən əsas tezis  “Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib”  ölkənin yeni mərhələdə geosiyasi kursunu müəyyən edir.

Bu yanaşma bir neçə istiqamətdə özünü göstərir: Birincisi, post-münaqişə mərhələsində transformasiya

Cənubi Qafqaz artıq klassik münaqişə zonasından çıxaraq transformasiya mərhələsinə daxil olur. “Nə tam sülh, nə də açıq qarşıdurma” vəziyyəti isə keçid dövrünün tipik xüsusiyyətidir. İkincisi, etimadın iqtisadi əsaslarla qurulması. Üçüncüsü, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin başlaması siyasi dialoqun iqtisadi baza ilə möhkəmləndirilməsinə yönəlmiş addımdır”. 

Deputat qeyd edib ki,  Azərbaycan sülhü yalnız siyasi bəyanat kimi deyil,  praktik olaraq real layihələr, nəqliyyat xətləri və iqtisadi inteqrasiya vasitəsilə qurmağa çalışır: 

Yeni regional təhlükəsizlik arxitekturası

“Antalya platformasında səslənən ən mühüm ideyalardan biri də yeni təhlükəsizlik modelinin formalaşdırılmasıdır. Bu model xarici güclərin diktəsi ilə deyil, region ölkələrinin öz təşəbbüsü ilə qurulur.

Azərbaycanın irəli sürdüyü “regional sahiblik” konsepsiyası burada açar rol oynayır. Bu yanaşma regional problemlərin regional aktorlar tərəfindən həllini, inklüziv əməkdaşlıq formatlarının yaradılmasını, ortaq məsuliyyət prinsipini özündə birləşdirir. Bu model artıq praktikada özünü göstərir: Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə kimi platformalar regionda təhlükəsizlik və əməkdaşlıq üçün alternativ mexanizm rolunu oynayır”.

Ankara–Bakı müttəfiqliyi: strateji oxun dərinləşməsi

Deputat vurğulayıb ki, Prezidet İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan liderliyi ilə formalaşan Ankara–Bakı xətti artıq regional deyil, qlobal miqyasda təsir gücünə malikdir:
“Şuşa Bəyannaməsi bu münasibətləri institusional səviyyəyə yüksəldərək onları hərbi, siyasi və iqtisadi müttəfiqliyə çevirdi.

Bu ittifaqın əhəmiyyət Cənubi Qafqazda güc balansını dəyişməsi, enerji və nəqliyyat layihələrinin təhlükəsizliyini təmin etməsi, türk dünyası və daha geniş coğrafiyada inteqrasiyanı sürətləndirməsi ilə ölçülür.

Enerji və nəqliyyat: geosiyasətin yeni sütunları

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri regionu qlobal tranzit mərkəzinə çevirir. Xəzərdən Avropaya uzanan enerji dəhlizləri, Orta Asiya ilə əlaqələrin gücləndirilməsi və xüsusilə Zəngəzur dəhlizi konsepsiyası yeni geoiqtisadi reallıq yaradır.
Bu layihələrin ən mühüm tərəfi onların inklüziv xarakter daşımasıdır. Ermənistanın da tranzit ölkə kimi bu prosesə qoşulması ehtimalı regionda uzunmüddətli sülh üçün real iqtisadi stimul yaradır.

Antalya Forumunun tarixi-siyasi əhəmiyyəti

Antalya Diplomatiya Forumu müasir dövrdə üç əsas funksiyanı yerinə yetirir:

1. Qlobal dialoq platforması- fərqli düşərgələr arasında ünsiyyət körpüsü
2. Regional təşəbbüslərin təqdimat məkanı- yeni ideyaların legitimləşdirilməsi
3. Diplomatik güc nümayişi- orta güclərin beynəlxalq sistemdə rolunun artması. Bu baxımdan forum, beynəlxalq münasibətlər sisteminin transformasiya mərhələsinin simvoluna çevrilir.

Antalyadan verilən mesaj və qarşıda duran çağırışlar

Antalya Diplomatiya Forumu və burada səslənən mesajlar göstərir ki, dünya yeni mərhələyə daxil olur. Bu mərhələdə güc təkcə hərbi potensialla ölçülmür, diplomatiya və əməkdaşlıq əsas alətə çevrilir, regional liderlər qlobal proseslərin aktiv iştirakçısına çevrilir. 

Azərbaycan isə bu prosesdə passiv tərəf deyil, həm də  sülh gündəliyi, regional sahiblik yanaşması və genişmiqyaslı layihələri ilə yeni geosiyasi nizamın qurucularından biri kimi çıxış edir.

Antalya bu baxımdan sadəcə forum deyil, eyni zamanda bir çağırışdır: qarşıdurmadan əməkdaşlığa, xaosdan nizama keçidin çağırışı”.

Mürtəza

Seçilən
19
2
olke.az

3Mənbələr