AZ

Ceyhun Bayramov: Yaxın aylarda Ermənistan–Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər

“Biz hesab edirik ki, yaxın aylarda Ermənistan–Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər”.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son dövrlərdə normallaşma prosesi ilə bağlı mühüm hadisələr baş verib:

“Xüsusilə Vaşinqton sammiti diqqət çəkir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Həmin sənəd ABŞ Prezidenti Donald Trump tərəfindən də şahid qismində təsdiqləndi. Bununla yanaşı, sülh sazişinin paraflanması baş tutdu və Minsk Qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Ümumilikdə, bu addımlar Ermənistan–Azərbaycan normallaşma prosesinin növbəti mərhələsi üçün yol xəritəsini müəyyənləşdirdi.

Bundan sonra Prezident İlham Əliyev Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. Sonrakı dövrdə atılan addımlar da bu yanaşmanın təsdiqi oldu. Bu sadəcə siyasi bəyanat deyil, Azərbaycanın strateji baxışını əks etdirən mövqedir.

2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı. Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya Federasiyası tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı.

Paralel olaraq, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensivləşdi. Delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası Azərbaycanın Qazax rayonunda keçirildi. Bundan əlavə, IPU çərçivəsində İstanbulda Azərbaycan və Ermənistan parlament sədrlərinin birbaşa görüşü baş tutdu. Bütün bu proseslər regionda yeni və daha müsbət bir atmosferin formalaşdığını göstərir.

Ümumilikdə, normallaşma gündəliyinin müsbət istiqamətdə inkişaf etdiyini demək olar. Bununla belə, hələ də həllini gözləyən məsələlər mövcuddur.

Biz hesab edirik ki, yaxın aylarda bu məsələlər də yekunlaşa bilər. Biz buna kifayət qədər optimist baxırıq. Hesab edirik ki, Ermənistanda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul edilməsi, sülh sazişi üzrə son imzaların atılması və onun ratifikasiya edilməsi yolunu da aça bilər. Və bununla da daha müsbət addımların şahidi ola bilərik”.

Seçilən
21
9
apa.az

10Mənbələr