AZ

Süni intellekt yaddaşı sürətlə pisləşdirir Şokedici araşdırma

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Təhsil prosesində süni intellektdən istifadə gözlənilməz mənfi nəticələr yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni araşdırma ChatGPT kimi alətlərin effektivliyini sual altına alıb.

Alimlərin qənaətinə görə, süni intellekt cari tapşırıqları daha sürətli yerinə yetirməyə kömək etsə də, uzunmüddətli yaddaş və biliklərin dərinliyi baxımından mənfi təsir göstərir. Tədqiqat professor Andre Barkaui və onun komandası tərəfindən aparılıb. Eksperimentdə biznes ixtisası üzrə təhsil alan 120 tələbə iştirak edib və onlar təsadüfi şəkildə iki qrupa bölünüb.

Birinci qrup təqdimat hazırlayarkən aktiv şəkildə ChatGPT-dən istifadə edib. İkinci qrup isə ənənəvi üsullara üstünlük verib, öz qeydləri üzərində işləyib, elmi mənbələri araşdırıb və adi axtarış sistemlərindən istifadə edib.

İlkin nəticələr sürət baxımından diqqətçəkici olub. Süni intellektdən istifadə edən tələbələr tapşırığı orta hesabla 3,2 saata tamamlayıb. Digər qrup isə təxminən 6 saat vaxt sərf edib. Lakin bu sürətin mənfi tərəfləri sonradan üzə çıxıb.

Əsas mərhələ layihədən 1,5 ay sonra keçirilən gözlənilməz bilik yoxlaması olub. Nəticələr ciddi fərqi göstərib: ənənəvi üsulla çalışan tələbələr 68,5% düzgün cavab verib, ChatGPT istifadə edənlər isə cəmi 57,5% nəticə göstərib.

Ən böyük fərq mürəkkəb texniki mövzuların izahında müşahidə olunub. Dərin analiz tələb edən sahələrdə süni intellektin verdiyi hazır cavablar uzunmüddətli bilik formalaşdırmaq üçün kifayət etməyib.

Tədqiqatçılar bu nəticəni iki əsas psixoloji faktorla izah edir. Birincisi, “kognitiv yüngülləşmə” effektidir. Süni intellekt məlumatın təhlili və ümumiləşdirilməsi kimi mürəkkəb prosesləri öz üzərinə götürdüyü üçün tələbənin beyni daha az işləyir və nəticədə yeni biliklər zəif mənimsənilir.

İkinci faktor isə “kompetentlik illüziyasıdır”. Tələbə hazır və strukturlaşdırılmış cavab gördükdə mövzunu tam başa düşdüyünü düşünür, lakin müstəqil düşüncə olmadığı üçün bu məlumat yadda qalır.

Araşdırma həmçinin göstərib ki, süni intellektdən istifadə təcrübəsi bu problemi aradan qaldırmır. Həm yeni istifadəçilər, həm də təcrübəli istifadəçilər oxşar zəif nəticələr göstərib.

Alimlər vurğulayır ki, süni intellekt yalnız köməkçi vasitə kimi istifadə olunmalıdır. Əks halda, sürətə üstünlük vermək tənqidi düşüncə və dərin biliklərin itirilməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, digər genişmiqyaslı araşdırmalar da süni intellektin iş yükünü azaltmadığını, əksinə iş prosesinin strukturunu dəyişdirdiyini göstərir. Məlumata görə, istifadəçilər daha çox vaxtı ünsiyyətə və rəqəmsal sistemlərlə işləməyə sərf edir, diqqət səviyyəsi isə azalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
lent.az

1Mənbələr