AZ

Budapeştdə dönüş başladı: yeni hakimiyyət Aİ yolunu seçdi

Budapeşt illər sonra Brüssellə münasibətləri yenidən qurmağa çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, The Guardian qəzetinin yazdığına görə, Macarıstanın yeni baş naziri Peter Macar ölkəsinin Avropa İttifaqı ilə münasibətlərini bərpa etmək üçün Polşanın təcrübəsindən yararlanmağa ümid edir.

Məqalədə qeyd olunur ki, Macar xüsusilə Polşanın baş naziri Donald Tuskla yaxın əməkdaşlığa önəm verir və Varşavanı ilk xarici səfəri üçün seçib. Nəşr bunu Budapeştin yeni siyasi kursunun simvolu kimi qiymətləndirir.

Seçki gecəsi Donald Tusk Macara zəng edərək onu təbrik edib və bu sözləri işlədib

“Çox xoşbəxtəm. Hətta düşünürəm ki, sizdən də xoşbəxtəm”.

“Əvvəl Varşava, sonra Buxarest, Kişinyov, indi isə Budapeşt. Avropanın bu hissəsi göstərir ki, biz korrupsiyalı və avtoritar idarəçiliyə məhkum deyilik”, - deyə Tusk yerli jurnalistlərlə söhbətində sevincini gizlətməyib.

The Guardian yazır ki, həm Tusk, həm də Macar uzun illər davam edən qeyri-liberal idarəçilikdən sonra hüququn aliliyini bərpa etmək, dövlət institutlarını gücləndirmək və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq kimi çətin vəzifələrlə üz-üzədirlər.

Macar mətbuat konfransında Polşa ilə “xüsusi münasibətlərdən” danışıb və bildirib ki, Budapeştdə gizlənən iki keçmiş polyak nazir barədə də sürətli qərarlar veriləcək. Həmin şəxslər səlahiyyətdən sui-istifadə ittihamı ilə axtarılır.

Onun istehzalı açıqlaması da diqqət çəkib:

“Onlar gedib Ikea-dan mebel almasınlar, çünki burada uzun müddət qalmayacaqlar”.

Britaniya nəşri hesab edir ki, Tusk–Macar əməkdaşlığı Macarıstanın yenidən Avropa siyasətinin əsas xəttinə qayıtmasında mühüm rol oynaya bilər.

Bildirilir ki, Brüssel artıq yeni hökumətlə ilk qeyri-rəsmi danışıqlara başlayıb. Aİ Macarıstandan Ukraynaya ayrılacaq 90 milyard avroluq kredit paketinə veto qoymamağı, həmçinin Rusiyaya qarşı yeni sanksiyalara mane olmamağı gözləyir.

Bundan əlavə, Budapeştin məhkəmə sistemi, korrupsiyaya qarşı nəzarət mexanizmləri, sığınacaq qanunvericiliyi və akademik azadlıqlarla bağlı bir sıra şərtləri də yerinə yetirməsi gözlənilir.

The Guardian-ın qənaətinə görə, Macarıstanda hakimiyyət dəyişikliyi təkcə daxili siyasi dönüş deyil, həm də ölkənin Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr