AZ

Kiyevdə insanlara atəş açan Moskva sakini olub YENİLƏNİB-2 

Kiyevdə baş verən atışmada beş nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində yazıb.

"Ukraynanın Daxili İşlər Naziri İqor Klimenko Kiyevdə mülki şəxslərə atəş açan hücumçunun məhv edildiyini bildirdi. Bütün hallar araşdırılır. Hazırda beş nəfərin öldüyü məlumdur. Onların ailələrinə və dostlarına başsağlığı verirəm", - deyə dövlət başçısı yazıb.

Hazırda 10 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Hamısına lazımi tibbi yardım göstərilir. Dörd girov azad edilib.

"Biz təcili araşdırma aparılacağına ümid edirik. Ukrayna Milli Polisinin və Təhlükəsizlik Xidmətinin müstəntiqləri işləyir. Mən Daxili İşlər Nazirinə və Ukrayna Milli Polisinin rəisinə bu iş üzrə bütün təsdiqlənmiş məlumatları ictimaiyyətə təqdim etməyi tapşırmışam", - deyə Zelenski bildirib.

Öz növbəsində Kiyev meri Vitali Kliçko atışmada ölənlərin sayının 6 nəfərə, yaralananların sayının isə 15-ə çatdığını bildirib.

Baş prokuror Ruslan Kravçenko isə “Telegram”da yazıb ki, paytaxtda atışma törədən Moskva sakini olub. Onun sözlərinə görə, paytaxtın Qoloseyevski rayonunda 58 yaşlı Moskva sakini atəş açıb, daha sonra supermarketdə özünü barrikadaya alıb və girov saxlayıb. İlkin məlumatlara görə, o, avtomat silahdan istifadə edib. Təcavüzkarın qeydiyyatda olduğu mənzildə eyni vaxtda yanğın baş verib.

19:46

Kiyevin mərkəzi rayonunda insanlara atəş açan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Bu barədə daxili işlər naziri İqor Klimenko “Teleqram”da bildirib.

Kiyev şəhər meri Vitali Kliçko deyib ki, tibb işçilərinin məlumatına görə, Qoloseyevski rayonunda küçə atışması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

19:12

Aprelin 18-də naməlum şəxs Kiyevin mərkəzi rayonunda insanlara atəş açıb. Hadisə nəticəsində ölənlər və yaralananlar var.

Bu barədə Kiyev Polisi məlumat yayıb.

"Qoloseyevski rayonunda naməlum şəxs insanlara atəş açıb. Ölənlər və xəsarət alanların sayı müəyyənləşdirilir", - deyə məlumatda bildirilir.

Polis və xüsusi təyinatlılar cinayətkarı tutmaq üçün xüsusi əməliyyat keçirir. Polis hadisə ilə bağlı məlumatların yenilənəcəyini qeyd edib.

Kiyev şəhər meri Vitali Kliçko isə “Teleqram” səhifəsində bildirib ki, Qoloseyevski rayonunda yaralananlar arasında bir uşaq da var və bir neçə ölüm faktı qeydə alınıb.

"Qoloseyevski rayonunda küçədə yaralananlar arasında bir uşaq da var. Tibb işçiləri onu xəstəxanaya aparıblar", - deyə Kliçko yazıb.

Onun sözlərinə görə, hazırda atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir.

Seçilən
10
4
azerbaijan-news.az

10Mənbələr