AZ

“Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimatı keçirilib

18 aprel 2026-cı il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda şəhid Yunis Qasım oğlu Kazımovun əziz xatirəsinə həsr olunmuş “Şuşa fatehi – Yunis Kazımov” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri Güllü Eldar Tomarlı qonaqları salamlayaraq şəhidlərin xatirəsinin xalqımız üçün daim uca tutulduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışı zamanı Güllü Eldar Tomarlı təqdim olunan kitab haqqında ətraflı məlumat verərək bildirib ki, “Şuşa fatehi – Yunis Kazımov” kitabının müəllifi filologiya üzrə fəlsəfə doktoru, şair və publisist Fəridə Ləman, redaktoru professor Tamella Abbasxanlı, məsləhətçisi isə jurnalist-publisist Qalib Rəhimlidir. Kitab “Radius” nəşriyyatında 250 tirajla çap olunub.

Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit və kursant heyəti də iştirak edib.

Sonra söz Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qocaya verilib. O, şəhid Yunis Kazımovun keçdiyi şərəfli döyüş yolundan bəhs edib, kitabdan seçilmiş poeziya nümunələrini səsləndirib.

Tədbirdə çıxış edən kitabın redaktoru Tamella Abbasxanlı, Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri İlham Pirməmmədov, Müdafiə Nazirliyinin kursantı Ələddin Bağırov, tədqiqatçı alim Əfqan Vəliyev, polis mayoru, şair Aidə Şirinova, ehtiyatda olan polkovnik Eldəniz  Namazov, kapitan Toğrul Məmmədov, şair Rəfail İncəyurd, professor Valeh Nəsibli və digər  çıxış edənlər şəhid Yunis Kazımovun həyat və qəhrəmanlıq yoluna dair xatirələrini bölüşüblər.

Şəhidin ailə üzvləri – atası Qasım Yunisoğlu, anası Fəxriyyə Kazımova, həyat yoldaşı Zöhrə Kazımova və övladı Əli də çıxış edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onların qürurlu və mətin çıxışları Vətənə bağlılığın və şəhidlik zirvəsinin ali dəyərini bir daha nümayiş etdirib.

Tədbir çərçivəsində şəhid Yunis Kazımovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra kitabın müəllifi Fəridə Ləman çıxış edərək qeyd edib ki, bu əsəri böyük mənəvi məsuliyyət hissi ilə qələmə alıb: “Bu kitabı qələmimlə yox, ürəyimlə yazdım. Yazdım ki, igidimizi gələcək nəsillər tanısın və yaşatsın.”

Sonda Güllü Eldar Tomarlı şəhid ailəsinə, Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zəki Meriçə, Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənova, kitabın müəllifinə və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Dövlət Himni ilə başlayan tədbir  Qarabağ mövzusunda səsləndirilən musiqi ilə başa çatıb.

Seçilən
13
1
xalqqazeti.az

2Mənbələr