AZ

İlahə Abdullayevaya yeni vəzifə verildi

İlahə Qismət qızı Abdullayeva Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsinə təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, İlahə Qismət qızı Abdullayeva 1993-cü ildə Bakı şəhərində anadan olub.
1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası üzrə dahi bəstəkar Arif Məlikovun sinfində bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. Həmçinin ikinci ixtisas olaraq “simfonik orkestr dirijorluğu” üzrə təhsil alıb. Təhsil illərində “Qara Qarayev” təqaüdünə layiq görülüb.
2016-cı ildə “Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı monoqrafiyası çap olunub. 2017-ci ildən Bakı Musiqi Akademiyasının doktorantı kimi fəaliyyət göstərib. “Azərbaycanın Şamaxı Bölgəsinin Ənənəvi Musiqisi” mövzusunda dissertasiya işini 22 oktyabr 2025-ci ildə uğurla müdafiə edib.
Tədqiqat fəaliyyəti çərçivəsində Kipr, Türkiyə, Qətər və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda çıxış edib, çoxsaylı elmi məqalələrin müəllifidir.
Bəstəkar kimi əsərləri ABŞ, İtaliya, Qazaxıstan, Türkiyə, Rusiya, Estoniya, Almaniya, İsrail və Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin səhnələrində səsləndirilib. Müxtəlif dövlərdə yerli və beynəlxalq müsabiqələrin qalibi olmuşdur. O, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Novus Via Music Festival və digər nüfuzlu festivalların iştirakçısı olub.
Bəstəkar həmçinin  “Dədə Qorqud” və “Dəmir yumruq” baletlərinin müəllifidir.
2014-cü ildən Bakı Musiqi Akademiyasının əməkdaşıdır.
2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. 2019-cu ildə qurumun “Gənclərlə iş” Şöbəsinin sədri təyin olunub, daha sonra idarə heyətinin üzvü seçilib. 2026-cı ilin aprel ayından etibarən isə Azərbaycan Bəstəkarlar İttifaqının Katibi vəzifəsini icra edir.

 

 

 

 

Seçilən
27
3
nocomment.az

4Mənbələr