ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Sabah” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Komandamı, oyunçuları təbrik edirəm. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək olduqca çətin idi. Oyunçularım böyük hörmətə layiqdir. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. Penalti oldu, yararlana bilmədik. Buna baxmayaraq, ruhdan düşmədik. İkinci hissədə 50 dəqiqə azlıqda oynadıq. Rəqibə ciddi epizod vermədik. Demək olar, nə iləsə yadda qalmadılar. Komandam bu qələbəyə layiqdir. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik.
– “Qarabağ” həm avrokuboklarda, həm çempionatda rəqib qapısı qarşısında rahat epizod yarada bilir. Bu gün onların qarşısını necə aldınız? Hansısa xüsusi detal var idi?
– Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlardan biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaq, fokuslanmayacaqsa, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. Onların motivasiyası çox önəmlidir. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görərsiniz ki, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir.
– “Sabah”ın Çempionlar Liqasında üzərinə böyük məsuliyyət düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?
– İndi bu barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala yenə çıxmalıyıq.
– Mikelsin durumu necədir?
– Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. Xəstəxanaya aparırlar indi. Sonra nələrsə bilmək olar.
– Dediniz ki, məşqlərimizə gəlsəz, futbolçularımızın döyüşkənliyini görərsiz. Təklif edirəm ki, “Qarabağ”la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiniz..
– Hazırda bizdə intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? “Qarabağ”la oyundan öncə söz vermirəm. Digər oyunlardan qabaq danışmaq mümkündür.
– Xaybulayev həm qol vurdu, həm qırmızı vərəqə aldı. Sizcə, Xaybulayev qəhrəmandır, yoxsa antiqəhrəman?
– Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, çox səbirli oyunçudur. Ona ehtiyacımız olduğu vaxtda meydançada 100 yox, 110 faizini verəcək biridir. Hamıya deyirəm ki, hazır olsunlar, o fürsəti istifadə etsinlər. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu fürsətdən yaxşı istifadə etdi. O, bizim üçün nümunəvi oyunçudur. İkinci hissədə bir balaca bizə zərər verdi, 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma heç vaxt oyunçularımızı günahlandırmırıq, çalışırıq ki, onların səhvlərini düzəldək, düzgün yolu onlara göstərək. Fikrimcə, Abdulla komandamızın önəmli oyunçusudur.
Şahin Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.