AZ

Kürdə suyun səviyyəsi artdı:

Kür çayında suyun səviyyəsində qeydə alınan artım, əkin sahələrinə xidmət edən, çaydan su götürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətinə fasilə verilib.

 

"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - deyə ADSEA-dan bildirilib.

Seçilən
19
29
senzor.az

10Mənbələr