AZ

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Portuqaliya ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin Azərbaycanda yaxın zamanda açılması nəzərdə tutulan Portuqaliya səfirliyi vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, çoxtərəfli diplomatiya sahəsində ölkələrimizin təcrübəsinin mübadiləsinin əhəmiyyətini vurğulayıblar. BMT və Avropa İttifaqı çərçivəsində ölkələrimizin prioritetləri nəzərdən keçirilib, birgə səylərin vacibliyi diqqətə çatdırılıb.

Nazirlər post-münaqişə dövründə regional vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov ölkəmizin həyata keçirdiyi sülh gündəliyi və atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bölgədə sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıb, danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.

Seçilən
28
1
azertag.az

2Mənbələr