AZ

“Bu, iki dəfə “Qarabağ”ı udan həmin komandadır” – Kapitan ehtiyat edir

Ötən həftə səfərdə “Qəbələ” ilə prinsipial qarşılaşmada vacib qələbə qazanan (1:0) “İmişli” növbəti sınaq qarşısındadır.

Aran təmsilçisi bu dəfə də bölgəyə səfər edəcək.

Rəqib isə turnir cədvəlində ən yaxın izləyicisi, pley-off zonasından uzaqlaşmağa çalışan “Kəpəz”dir.

Komandaların son durumuna baxsaq, vəziyyət kökündən fərqləndir.

5 aydan sonra qələbəyə sevinən imişlililər son 2 matçdan 4 xalla ayrılıb.

Martda “Qarabağ”ı məğlub edən “Kəpəz” isə son 2 oyunda “Qəbələ” və “Karvan-Yevlax” kimi rəqiblərə boyun əyib.

Turnir cədvəli baxımından ciddi önəm daşıyan qarşılaşmadan əvvəl Sportinfo.az-a açıqlama verən “İmişli”nin kapitanı Azər Salahlı komandasının iddiasından söz açıb:

“Qəbələ”ylə oyundakı qələbə keçlmişdə qaldı. Düzdür, vacib 3 xal əldə etdik.

Lakin həmin görüşün üzərində dayanmaq istəmirik. Çünki bizi daha vacib qarşılaşma gözləyir.

Məqsədimiz dəyişmir – qələbə qazanmaq. Yevlaxa bu istəklə yollanacağıq.

Əlimizdən gələni edəcəyik ki, qalib gəlib təhlükəli zonadan uzaqlaşaq. “Kəpəz”in son iki oyunda məğlub olması xeyrimizə işləməyəcək.

Bu fikirlə razı deyiləm. Unutmayaq ki, bu, iki dəfə “Qarabağ”ı udan həmin komandadır.

Hər komandada eniş və yüksəliş dövrü olur. Ola bilsin son matçlar onlar üçün uğursuz olub.

Bizimlə qarşılaşmada yüksəlişə doğru addım atmağa çalışacaqlar. Həqiətən gərgin və maraqlı oyun olacaq”.

Aprelin 19-da Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:30-da başlayacaq.

HƏBİB

Seçilən
12
sportinfo.az

1Mənbələr